"Əsaslı şübhələr yaranarsa..." - Arzuxan Əlizadənin mandatı alınacaq?
Gündəm
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin ölümlə nəticələnən dava ilə əlaqədar həbs olunması cəmiyyətdə geniş müzakirələrə yol açıb. Hadisədən sonra deputatın siyasi məsuliyyəti məsələsi də gündəmə gəlib. Onun mandatından imtina etməli olduğunu düşünənlər var. Digər tərəfdən, ailə üzvünün törətdiyi iddia olunan əmələ görə deputatın siyasi fəaliyyətinin və mandatının müzakirəyə çıxarılmasının nə dərəcədə əsaslı olduğuna dair suallar səsləndirilir.
Bəs belə hallarda deputatın məsuliyyəti hansı çərçivədə qiymətləndirilməlidir?
Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, deputat ailə üzvlərinin qanunazidd əməllərinə görə avtomatik olaraq deputat mandatından məhrum edilə bilməz:
"Qanunvericilikdə ailə üzvlərinin törətdiyi hüquq pozuntularına görə deputatın mandatının ləğv olunmasını nəzərdə tutan konkret əsas yoxdur. Deputatların səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və seçki qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda, parlament üzvləri fəaliyyətlərində “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunun tələblərinə əməl etməlidirlər".
Hüquqşünas qeyd edib ki, deputatın mandatına xitam verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda mümkündür:
"Belə hallara deputat fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmaq, qanunla yol verilməyən vəzifələri tutmaq və digər müvafiq hüquqi əsaslar aid edilə bilər. Parlamentdə etik və intizam qaydalarının pozulması da qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində qiymətləndirilə bilər. Deputatın oğlunun cinayət törətməkdə ittiham olunması özlüyündə atasının deputat mandatından məhrum edilməsi üçün hüquqi əsas hesab edilə bilməz. Bununla belə, istintaq zamanı deputatın hadisədə iştirakına, cinayətə yardım etməsinə və ya başqa formada qanunazidd fəaliyyətə cəlb olunmasına dair əsaslı şübhələr yaranarsa, həmin hallar ayrıca araşdırılmalıdır".
Hüquşünas əlavə edib ki, deputatın cinayət hadisəsində iştirakına dair məlumatlar müəyyən edilərsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma aparmalıdır. Belə vəziyyətdə deputatın hüquqi məsuliyyəti məsələsi ailə üzvünün əməlinə görə deyil, onun öz hərəkətlərinin qanunvericiliyə uyğunluğu əsasında qiymətləndirilməlidir.