Etirazlar rejimi silkələdi, ABŞ kənarda qaldı: Xamenei ilə bağlı senssasiya
Gündəm
İranda son etiraz dalğası fonunda regionda gərginlik yenidən pik həddə çatıb. Qərb mediasında yayılan iddialara görə, ABŞ Prezidenti Donald Tramp Tehran üzərinə hərbi zərbə endirmək variantını ciddi şəkildə nəzərdən keçirsə də, son anda bu qərardan geri çəkilib. Bu məlumatlar İran ətrafında formalaşan risklərin təkcə daxili proseslərlə məhdudlaşmadığını, eyni zamanda beynəlxalq güclərin diqqət mərkəzində olduğunu göstərir. Küçələrdə səslənən şüarlar bütövlükdə mövcud idarəetmə sisteminə qarşı etimadsızlığı əks etdirir.
Bəs bu proseslərin sonu necə olacaq? İranda davam edən etirazlar fonunda ABŞ yenidən İrana zərbə endirməyə cəhd edə bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırkı mərhələdə İranda davam edən etiraz aksiyalarına xarici dəstək əvvəlki dövrlərlə müqayisədə azalıb:
"Bu amil etirazların intensivliyinə birbaşa təsir göstərir. ABŞ-nin hazırda əsas diqqəti Suriyada baş verən proseslərə yönəlib və İran məsələsi müəyyən mənada ikinci plana keçib. Hazırda Vaşinqtonun əsas gündəliyi Suriya ilə bağlıdır. İran isə əvvəlki kimi prioritet mövqe tutmur. Bu da etirazlara xarici siyasi dəstəyin azalmasına səbəb olub”.
Zeynal Əmrəliyev vurğulayıb ki, İran hakimiyyəti son dövrlərdə etirazların qarşısını almaq üçün daha sərt tədbirlərə əl atır:
“Rejim insanlara qarşı çox ciddi və amansız davranış sərgiləyir. Faktiki olaraq ali lider Xamenei bütün güc strukturlarını SEPAH-ın tam nəzarətinə verib. Bu da etirazçı kütlələrin bir qədər geri çəkilməsinə səbəb olub. Daxili müxalifətin parçalanması da etirazların zəifləməsində mühüm rol oynayıb. Bu dövrdə nə müxalif qüvvələr, nə də müxtəlif narazı qruplar birləşə bildi. Üstəlik, keçmiş prezidentlər Həsən Ruhani və Məhəmməd Xatəmi, eləcə də keçmiş xarici işlər naziri və vitse-prezident Məhəmməd Cavad Zərif rejim tərəfindən həbs edilərək siyasi səhnədən kənarlaşdırıldı”.
Zeynal Əmrəliyev bildirib ki, bu taktika İran hakimiyyəti üçün yeni deyil və daha əvvəl də tətbiq olunub:
“2009-cu ildə baş verən "Yaşıl Hərəkat" da eyni üsulla sıradan çıxarılmışdı. Vahid lider ortaya çıxmadı və nəticədə hərəkat dağıldı. Hazırkı etirazlar rejim üçün ciddi siqnal rolunu oynayıb. Bu aksiyalar İran hakimiyyətinə çox ciddi zərbə vurdu. Gələcəkdə baş verə biləcək daha genişmiqyaslı və yaxşı təşkil olunmuş etirazlar isə mövcud rejimin tamamilə çökməsinə gətirib çıxara bilər”.