Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı istintaq başladılıb

Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı istintaq başladılıb Gündəm

Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddən təxminən 5 kilometr aralıda, Signagi bölgəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğradığını açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, hadisə ilə bağlı araşdırma prosesi artıq başlayıb. Bildirilib ki, qəzaya dair ilkin nəticələr və əlavə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.

Gürcüstan Hava Naviqasiyası Agentliyi isə açıqlamasında qeyd edib ki, təyyarə Gürcüstan hava məkanına daxil olduqdan qısa müddət sonra radar sistemi ilə əlaqə kəsilib. Məlumatda həmçinin vurğulanıb ki, ekipaj tərəfindən heç bir təcili yardım siqnalı göndərilməyib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, Azərbaycan ərazisindən Türkiyəyə doğru hərəkət edən C-130 tipli hərbi təyyarənin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya düşdüyünü təsdiqləyib. Nazirliyin məlumatına görə, axtarış-xilasetmə əməliyyatları Azərbaycan və Gürcüstan rəsmiləri ilə birgə həyata keçirilir.