Hansı universitetlər Bakıdan köçürüləcək?
Gündəm
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında ali təhsil sistemi ilə bağlı mühüm məqamlar yer alıb. Sənədə əsasən, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakı şəhərində fəaliyyət göstərən bəzi universitetlərin mərhələli şəkildə bölgələrə köçürülməsi və regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, bu məsələ son illərdə tez-tez müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, bölgələrdə universitetlərin inkişaf etdirilməsinin həm yerli iqtisadiyyata, həm də sosial mühitə müsbət təsir göstərəcəyi bildirilir.
Artıq bir neçə ildir ki, müxtəlif platformalarda bu istiqamətdə təkliflər səsləndirilir, alternativ modellər irəli sürülür. Yeni strategiyada bu məsələnin yer alması isə göstərir ki, hökumət səviyyəsində də problemin həlli istiqamətində konkret addımların atılması planlaşdırılır.
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu mövzu son müşavirələrdə də gündəmə gətirilib və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
"Bu istiqamətdə addımlar atılsa da, 2030-cu ilə qədər bütün universitetlərin paytaxtdan köçürülməsi real görünmür. Belə bir proses həm böyük maliyyə vəsaiti, həm də uzunmüddətli planlama tələb edir. Şəhərdəki sıxlığı azaltmaq üçün daha real və mərhələli yanaşma tətbiq olunmalıdır. Universitetlərin tam şəkildə köçürülməsi əvəzinə regionlarda mövcud ali təhsil müəssisələrinin gücləndirilməsi daha effektiv ola bilər".
Ekspert bildirib ki, hazırda ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlər və filiallar bu baxımdan geniş imkanlara malikdir:
"Məsələn, Lənkəran Dövlət Universiteti müasir kampusları, laboratoriyaları və infrastrukturu ilə artıq Bakıdakı bir çox ali məktəblərlə rəqabət aparır. Eyni zamanda, Qarabağ Universitetinin inkişaf etdirilməsi və tələbə sayının artırılması paytaxtdakı yükü azaltmağa kömək edə bilər. Gəncə şəhərində yerləşən Dövlət Universiteti, Texnologiya Universiteti və Aqrar Universitet kimi ali təhsil ocaqları da regionda təhsil imkanlarının genişləndirilməsi üçün mühüm potensiala malikdir".
Ekspert qeyd edib ki, bu ali məktəblərdə tələbə sayının artırılması həm regionların inkişafına töhfə verər, həm də Bakıda sıxlığın azalmasına səbəb olar:
"Bəzi universitetlərin filiallarının ayrıca ali məktəbə çevrilməsi də mümkün variantlardan biridir. Bu yanaşma ilə həm təhsil şəbəkəsi genişlənər, həm də tələbələrin regionlarda təhsil almasına şərait yaradılar. Hazırda əsas məqsəd mərhələli şəkildə tələbə sıxlığını azaltmaq və regionların təhsil potensialını gücləndirmək olmalıdır. Onun fikrincə, təxminən 200 min tələbənin təhsil aldığı bir sistemdə bu cür dəyişikliklər yalnız uzunmüddətli və planlı şəkildə həyata keçirilə bilər".