“Heç nə bilmirəm!” – İmtahan stressini azaltmağın 5 yolu

“Heç nə bilmirəm!” – İmtahan stressini azaltmağın 5 yolu Gündəm

İmtahanlara start verildiyi müddət məktəblilər və tələbələr üçün ən məsuliyyətli və çətin dövr sayılır.

Gözləntilər, intizar, imtahan stressi…

Şagirdlər və tələbələr bu dövrdə yalnız bilkiləri ilə yox, səhhəti ilə də sınağa çəkilir.

Maraqlıdır, bəs, onları stressdən, gərginlikdən xilas etmək üçün valideynlər nə etməlidir?

News24.az xəbər verir ki,

Yuxu və hərəkət

İmtahanlara hazırlaşarkən bir çox şagird və tələbə vaxtında öyrənə bilmədiklərini sürətlə mənimsəməyə çalışır. Bunun nəticəsində gündəlik rejim dəyişir və yuxu üçün vaxt azalır. Mütəxəssislərin fikrincə, valideynlər öncə uşağa bu qrafikin doğru olmadığını izah etməyə çalışmalıdır.

Çünki normal yuxu yorğunluğu aradan qaldırır, orqanizmi bərpa edir və yaddaşın formalaşmasında mühüm rol oynayır. Yuxu müddətinin azalması həm halsızlığa səbəb olur, həm də öyrənilən materialın mənimsənilməsini zəiflədir.

Əgər uşaq güclü həyəcan və stress səbəbindən yata bilmirsə, problemi Valerian kimi sakitləşdirici vasitələrlə həll etməyə çalışmamalıdırlar. Bu cür preparatlar sinir sisteminin fəaliyyətini zəiflədir və səmərəli öyrənməyə mane olur.

Bu halda ən uyğun alternativ baldır. Bal yüngül sakitləşdirici təsirə malikdir və faydalı maddələrlə zəngindir.

Eyni zamanda abituriyenti tez-tez açıq havada gəzintiyə çıxması üçün israr edin. Gündə bir saatlıq fiziki aktivlik uzun saatlar dərs masası arxasında oturmaqdan daha çox fayda verə bilər. Parkda gəzinti, velosiped sürmək kifayətdir. Əsas odur ki, əzələlər işləsin və ağciyərlər oksigenlə təmin olunsun.

Dərs zamanı da hər 1,5 - 2 saatdan bir 15 dəqiqəlik fasilə verilməlidir. Sadə idman hərəkətləri, rəqs və ya dartınma məşqləri faydalıdır.

Maraqlıdır, bəs, uşağın həddən artıq narahatlıq, təşviş içində olduğunu necə anlamaq olar?

• Həmişəkindən az yatır, səhər tez oyanır və ya axşam uzun müddət yuxuya gedə bilmir.

• Adi vaxtla müqayisədə çox az və ya həddindən artıq çox yemək yeyir.

• Dırnaqlarını və ya qələmləri gəmirir, əllərində daim nəsə fırladır.

• Halsızlıq hiss edir, təzyiqi aşağı olur, baş ağrısı, mədə pozğunluğu, dəri səpkiləri yaranır.

• Daha əsəbi olur, münaqişə və mübahisələr artır.

• İmtahanlar və ali məktəbə qəbul barədə danışmaqdan qaçır.

• Müxtəlif inanclara bağlanmağa başlayır: “Bu köynəyi geyinsəm, hər şey yaxşı olacaq”.

• İmtahanı və ya qəbul imtahanını verə bilməyəcəyi halda başqa variantları düşünmür.

Düzgün qidalanma

İmtahanlar orqanizm üçün ciddi sınaqdır. Məlumdur ki, beyin qida ilə alınan enerjinin təxminən 20 faizini sərf edir. Buna görə də qidalanma balanslı olmalı, rasiona kifayət qədər zülal, vitamin, bitki mənşəli yağlar, təzə tərəvəz və meyvələr daxil edilməlidir.

Heyvani yağların və nişastalı qidaların həddindən artıq istifadəsi məsləhət görülmür.

Vitamin mənbələri:

• Təzə tərəvəz və meyvələr;

• Çovdar çörəyi;

• Yumurta;

• Qaraciyər.

İmtahan dövründə yağlı balıq növlərindən hazırlanan yeməklər xüsusilə faydalıdır.

Yeniyetmələrin bu dövrdə selenium, sink, maqnezium, kalsium, B qrupu vitaminləri və C vitamini qəbul etməsi vacibdir. Vitaminlər stresslə mübarizəyə kömək etməklə yanaşı, dəri, saç və dırnaqların vəziyyətini də yaxşılaşdırır.

Psixoloq rolunu oynayın

İmtahanlar yaxınlaşdıqca uşağın panikaya düşməsi ilə qarşılaşa bilərsiniz:

"Heç nə bilmirəm! Heç nə yadıma düşmür!"

Belə vəziyyətdə ona izah edin ki, imtahan öncəsi yüngül həyəcan tamamilə təbiidir və hətta faydalıdır. Bu hiss insanı səfərbər edir və düşüncəni aktivləşdirir. Bəzən belə həyəcanın olmaması yaxşı nəticə verməyə mane ola bilər.

Uşağa uğursuzluğu deyil, özünü inamla və aydın cavab verən vəziyyətdə təsəvvür etməyi öyrədin. Ona tez-tez belə sözlər deyin:

• “Sənin hər şeyin alınacaq.”

• “Sən hər şeyi xatırlayacaqsan.”

• “Bunun öhdəsindən gələcəksən.”

İmtahan stressinə meyilli yeniyetmə üçün ətrafında ona dəstək olacaq insanların olduğunu hiss etmək çox vacibdir. Onunla danışın, qorxularını və narahatlıqlarını bölüşməsinə imkan verin.

Unutmayın: “Paylaşılan problem artıq yarı həll olunmuş problemdir”.

Uşaq bilməlidir ki, hər zaman sizinlə qorxularını və qayğılarını bölüşə bilər. Həssas və diqqətli olun. Onu tələsdirməyin, əksinə, ruhlandırın. Evdə mümkün qədər sakit və rahat atmosfer yaradın.

Oğlunuza və ya qızınıza aydın şəkildə hiss etdirin ki, siz onu yalnız uğurlarına görə deyil, bütün gözəl xüsusiyyətlərinə görə sevirsiniz.

Heç vaxt belə deməyin:

• “İmtahanlar bu qədər narahatlığa dəyməz!”

• “Hələ də öyrənə bilməmisən?”

• “Özünü ələ al!”

• “Toparlan!”

• “Daha çox çalış!”

• “Qardaşının (bacının, dostunun) heç vaxt belə problemi olmayıb!”

İmtahandan bir gün əvvəl

Məlumatların beyində daha yaxşı möhkəmlənməsi üçün imtahandan əvvəlki günü dincəlməyə həsr etmək daha məqsədəuyğundur. Buna görə də son gecə “bir az da oxumaq” cəhdlərinin qarşısını alın.

Yatmazdan əvvəl birlikdə gəzintiyə çıxın. Uşağa masaj etmək və ya sadəcə kürəyini və çiyinlərini yüngül masaj etmək faydalı ola bilər. Bu, rahatlamağa və daha tez yuxuya getməyə kömək edəcək.

İlıq duş və ya vanna da stressi azaltmağa kömək edir.

Təcrübəli müəllimlər məsləhət görürlər ki, imtahan günü səhər tezdən yenidən əzbərləməyə başlamasınlar. Psixoloqların müşahidələrinə görə, belə olduqda insan əsasən səhər oxuduqlarını xatırlayır, digər məlumatlar isə unudula bilər.

Səhər yüngül idman hərəkətləri etmək və bir stəkan su içmək faydalıdır. Orqanizmdə maye çatışmazlığı beyin və sinir sisteminin fəaliyyətini zəiflədir, nəticədə insan daha ləng düşünür.

Uşağa özü ilə şirin bir şey götürməyi tövsiyə edin. İmtahan günü qlükoza həmişəkindən daha çox lazım olur.