Palma yağı zəhərlidir? - AQTA sədrinin açıqlamasına REAKSİYA
Gündəm
Zaman-zaman palma yağının insan sağlamlığına zərərləri ilə bağlı müxtəlif araşdırmalar, ekspert rəyləri və xəbər materialları ictimaiyyətə təqdim olunur. Xüsusilə ürək-damar xəstəlikləri, piylənmə və digər sağlamlıq riskləri ilə əlaqədar iddialar bu yağ ətrafında mənfi rəy formalaşdırıb. Bununla yanaşı, bəzi beynəlxalq araşdırmalar və mütəxəssislər palma yağının zərərinin onun emal üsulundan və istifadə miqdarından asılı olduğunu bildirirlər.
Belə bir vaxtda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli palma yağının əslində digər bitki yağlarından fərqlənmədiyini və onun ətrafında formalaşan mənfi imicin daha çox bazar rəqabəti ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, palma yağı zərərsizdir.
Mövzu ilə bağlı News24.az-a danışan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, palma yağı ətrafında çox müzakirələr aparılsa da, onu nə tamamilə "zəhər", nə də digər bitki yağlarından üstün hesab etmək doğru deyil:
"Palma yağının təsiri onun hansı növdə olmasından, necə emal edilməsindən və nə qədər istehlak olunmasından asılıdır. Palma yağı doymuş yağ turşuları ilə digər bitki yağlarının əksəriyyətindən daha zəngindir. Həddindən artıq qəbul edildikdə qanda LDL, yəni "pis" xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Lakin bu risk yalnız palma yağına məxsus deyil. Kərə yağı, quyruq yağı və digər doymuş yağlarla zəngin məhsullar da həddindən artıq istifadə olunduqda oxşar təsirlər göstərə bilər".
Ekspert qeyd edib ki, keyfiyyətli və standartlara uyğun istehsal olunmuş palma yağı E vitamini və bəzi antioksidant maddələr də ehtiva edir:
"Əsas problem onun xüsusilə hazır qidalarda, şirniyyatlarda, peçenye və fast-food məhsullarında çox istifadə olunmasıdır. Belə qidaların tez-tez istehlakı ümumi doymuş yağ qəbulunu artıraraq sağlamlığa mənfi təsir göstərə bilər. Yəni düzgün yanaşma palma yağını tamamilə qadağan etmək deyil, ümumi qidalanmada doymuş yağların miqdarını nəzarətdə saxlamaqdır. Gündəlik rasionda zeytun, günəbaxan və ya kanola kimi doymamış yağlarla zəngin bitki yağlarına üstünlük vermək, palma yağı olan emal olunmuş məhsulları isə normada istehlak etmək daha sağlam seçim hesab olunur. Ən vacib məsələ tək bir yağ deyil, ümumi qidalanma vərdişləridir".