Hər kəs bu saatı gözləyir: Nə baş verəcək?

Hər kəs bu saatı gözləyir: Nə baş verəcək? Gündəm

Sabah baş verəcək tam Günəş tutulması dünyanın müxtəlif yerlərində səma hadisələrini izləyənlər üçün nadir mənzərə yaradacaq. Günəş işığının qısa müddətə azalması və temperaturun dəyişməsi təbiətdə də özünü göstərəcək. Məlumatlara görə, bəzi heyvanlar bunu gecə-gündüz ritminin dəyişməsi kimi qəbul edə, bəziləri isə qeyri-adi davranışlar göstərə bilər.

Bununla yanaşı, tutulma ilə bağlı sosial şəbəkələrdə də müxtəlif iddialar, fikirlər səsləndirilir. Bəziləri bu tarixdə Yerin 7 saniyə ərzində cazibə qüvvəsini itirəcəyini, bir qism isə daha irəli gedərək insanların və əşyaların havaya qalxacağı, hətta 40 milyon insanın öləcəyi barədə həqiqətdən uzaq iddialar da səsləndirirlər. Bunların çoxu şişirdilmiş məlumatlar olsa da, həmin günün özəlliyi hər kəs üçün maraqlıdır.

Bəs, mütəxəxssislər bu günlə bağlı nə deyir? Günəş tutulması zamanı nə baş verəcək?

Bu təbiət hadisəsinin insanların səhhətinə, Yer kürəsinə bir təsiri olacaqmı?

Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasının astrofizika üzrə elmi işçisi və doktorantı Aynur Abdulkərimova bildirib ki, Günəş tutulması yalnız astronomik və vizual hadisədir:

“Günəş tutulması zamanı Günəşdə, Ayda və ya Yerdə fiziki olaraq hər hansı dəyişiklik baş vermir. Sadəcə olaraq, tam Günəş tutulması zamanı bir neçə dəqiqə ərzində səma qaralır və ətrafda qaranlıq yaranır. Bu, bəzi heyvanların çaşmasına və gündəlik ritmlərinin müvəqqəti dəyişməsinə səbəb ola bilər. Yəni onlar gecə ilə gündüzü səhv sala bilərlər. Amma bu hadisənin insan sağlamlığına və Yerə hər hansı fiziki ziyanı və təsiri yoxdur. Tutulma Ayın Günəş diskinin qarşısını kəsməsi nəticəsində baş verir və əsasən vizual hadisədir".

Abdulkərimova bildirib ki, avqustun 28-də də Ay tutulmasının baş verəcəyi gözlənilir:

"Lakin bu hadisə Azərbaycandan tam şəkildə müşahidə olunmayacaq. Ölkə ərazisindən yalnız yarımkölgəli fazanı müşahidə etmək mümkün olacaq. Yarımkölgəli fazanı adi gözlə görmək çətindir. İnsan tutulmanın baş verdiyini bilməsə, bunu demək olar ki, hiss etməyəcək. Çox diqqətlə izləyənlər isə Ayın səthində cüzi dəyişiklik görə bilər”.

Mütəxəssis qeyd edib ki, bu il baş verən Günəş tutulmalarından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. Ölkəmizdə sonuncu dəfə Günəş tutulması 2022-ci ildə görülüb. Növbəti Günəş tutulmasının isə 2027-ci il avqustun 2-də Azərbaycandan qismən müşahidə olunacağı gözlənilir.

Rəsədxana rəsmisi onu da bildirib ki, tutulmanın tam və ya qismən görünməsi həm Yer, Günəş və Ayın qarşılıqlı mövqeyindən, həm də müşahidəçinin yerləşdiyi ərazidən asılıdır. O ki qaldı 7 saniyə ərzində cazibə qüvvəsini itirəcəyi haqda fikirlərə, mütəxəxssis bunun tamamilə əsassız olduğunu vurğulayıb:

"Son illərdə Azərbaycan tam kölgə zolağında olmadığı üçün ölkəmizdən tam Günəş tutulması müşahidə edilməyib. Avqustun 12-dəki tam Günəş tutulması əsasən İspaniya, Portuqaliya, Qrenlandiyanın şimalı və Rusiyanın bəzi ərazilərindən müşahidə olunacaq. Qismən Günəş tutulması isə Şimali Amerika və Avropanın müəyyən hissələrində görünəcək".