Hirkan Milli Parkında qanunsuz çəpərləmə: Nazirlik hərəkətə keçdi
Gündəm
Hirkan Milli Parkının Astara rayonunun Ağkörpü kəndi ərazisində bəzi torpaq sahələrinin vətəndaşlara satıldığı iddia olunur.
News24.az-a verilən məlumata görə, milli parkın ərazisinə aid olduğu bildirilən torpaq sahələrindən biri çəpərlənib. Həmin ərazi ev tikilməsi məqsədilə satılıb və sözügedən sahə çəpərlənib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Hirkan Milli Parkının Ağkörpü kəndi ərazisində qanunsuz çəpərlənmiş sahənin çəpəri sökülüb: “Ərazinin qanunsuz çəpərlənməsi ilə bağlı araşdırma aparılıb və çəpəri çəkən şəxs – Astara rayonunun Ağkörpü kənd sakini Nəbi Nəbiyev barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb”.