Hotellərin Yeni il qiymətləri dodaq uçuqlatdı - Səbəb bu imiş...
Gündəm
Azərbaycanda Yeni il mövsümü üçün hotellərin qiymətləri açıqlanıb. Məlumata görə, 31 dekabr – 1 yanvar tarixlərini əhatə edən iki gecəlik daxili turizm paketlərinin qiyməti adambaşı 750–950 manat arasında dəyişir. Diqqətçəkən məqamlardan biri isə odur ki, məsələn, Şamaxıda 950 manata təklif olunan paketlə müqayisədə Doha üçün 1 275 manatlıq bayram turu mövcuddur. Bu isə ölkədaxili istirahət qiymətləri ilə xarici istiqamətlər arasında fərqin düşündüyümüz qədər böyük olmadığını göstərir və haqlı olaraq suallar yaradır.
Bəs yerli hotellərdə Yeni il qiymətlərinin bu qədər yüksək olmasına nə səbəb olur?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hazırda iki nəfərlik Yeni il paketlərinin qiyməti ümumilikdə 1500–2000 manat civarında dəyişir:
“Şübhəsiz ki, müşahidələrimiz yerli hotellərdə bayram dövrü üçün qiymətlərin kifayət qədər yüksək olduğunu göstərir. Bunun əsas səbəblərindən biri təklifin məhdudluğudur. Turizm bölgələrində və şəhərlərdə hotellərin sayı azdır və xüsusilə bayram ərəfəsində artan tələbat qiymətləri yüksəldir. Bundan başqa, hotellər Yeni il gecəsi üçün konsertlər, şou-proqramlar, xüsusi menyular və digər əyləncə xidmətlərini paketə daxil etdikləri üçün ümumi məbləğ daha da artır”.
Ekspert bildirir ki, yüksək qiymətlərə baxmayaraq, daha münasib alternativlər də mövcuddur:
“Məsələn, Doha, İstanbul, Tbilisi kimi şəhərlərə 4 günlük bayram turları təklif olunur. Bu paketlərə adətən səhər yeməyi, şəhər turları, bəzi hallarda qidalanma və təyyarə biletləri daxildir. Bu turlar bəzən daxili hotellərdəki paketlərlə müqayisədə daha sərfəli olur və ya aradakı fərq çox minimal qalır. Xüsusilə bayram ərəfəsində aviabiletlərlə bağlı endirim kampaniyaları səyahəti daha əlverişli edir. Bəzən elə vəziyyət yaranır ki, ölkə daxilində yüksək məbləğ ödəməkdənsə, eyni büdcə ilə xaricdə daha zəngin və rahat istirahət etmək mümkündür”.
Aşurov hesab edir ki, qiymət fərqliliyində qeyri-adi heç nə yoxdur, çünki hər iki istiqamətin öz auditoriyası var:
“Ölkə daxilində təklifin az olması səbəbindən tələbat qısa müddətdə ödənilir və paketlər tezliklə satılır. Xaricdə isə hotel və tur alternativləri çox olduğundan qiymətlər daha stabil qalır. Sadəcə, səyahəti vaxtında planlaşdırmaq önəmlidir. Burada əsas məsələ şəxsi büdcəni və prioritetləri düzgün müəyyənləşdirməkdir. Kimisi üçün yaxınlıq və rahatlıq, kimisi üçün isə daha geniş təcrübə və yeni şəhərləri kəşf etmək daha cəlbedici gəlir”.