"Forum gələcək əməkdaşlıqlar üçün mühüm platformaya çevrilib"

"Forum gələcək əməkdaşlıqlar üçün mühüm platformaya çevrilib" Gündəm

"Son günlər təkcə Azərbaycan üçün deyil, ümumilikdə qlobal şəhərsalma gündəliyi baxımından mühüm əhəmiyyət daşıyıb. Yerli icmaların inkişafı, qadınların şəhərsalma prosesində iştirakının artırılması və daha inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində müzakirələr aparılıb. Məqsəd Azərbaycanın şəhərsalma siyasətini beynəlxalq yanaşmalar və dünya gündəliyi ilə uzlaşdırmaqdır".

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının – World Urban Forum 13-ün rəsmi bağlanışına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Komitə sədri bildirib ki, forum çərçivəsində müzakirə olunan məsələlər şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. O, həmçinin BMT Habitat tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Forum gələcək əməkdaşlıqlar üçün mühüm platformaya çevrilib və bu, şəhərsalma forumları tarixində ilk dəfə belə genişmiqyaslı iştirakla yadda qalıb".

O əlavə edib ki, dünya üzrə icmaların dayanıqlı inkişafına verilən töhfələr xüsusi əhəmiyyət daşıyır.

Xanım Cavanşirqızı