"Hüquq pozuntusudur!" - Nəsimi Nəbizadə ilə bağlı yayılmış xəbərlərə dostundan sərt reaksiya

"Hüquq pozuntusudur!" - Nəsimi Nəbizadə ilə bağlı yayılmış xəbərlərə dostundan sərt reaksiya Gündəm

Teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzinin tərk etməsi, müalicədən imtinası xəbəri yayılıb. Xəbər saytlarının bu hadisəni "Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb" sərlövhəsi altında yayımlamasına dostu, yazıçı-publisist Cəlil Cavanşir sərt reaksiya verib.

News24.az xəbər verir ki, C.Cavanşir hesab edir ki, bu hadisəni xəbərə çevirmək ən yüngül formada qanundan, insan hüquqlarından bixəbər olmaqdır:

"Nəsimi mənim 15 illik dostumdur. Onun apogeyi də, çöküşü də mənim gözlərimin qarşısında baş verib. Nəsimin düşdüyü vəziyyət bütün dostları kimi, məni də narahat edir, amma... Nəsimi gənc deyil, uşaq deyil ki, ona nəyisə zorla etdirəsən. Adam nə etdiyini də, niyə etdiyini də şüurlu şəkildə dərk edir. Bir adamın yüksəlmək, zirvəyə qalxmaq qədər, çökmək hüququ da var. Siz Nəsimini özündən çox istəyə bilməzsiniz. Bu halda ondan əl çəkib, rahat buraxmalısınız".

C.Cavanşir qeyd edir ki, Qurtuluş Reablitasiya Mərkəzi Nəsimi Nəbizadənin müalicəsini öz üzərinə götürəndə, onun bu addımı ata biləcəyini hesablamışdı. Sonrakı mərhələlər də reklam strategiyasına daxildir:

"Nəsimiylə, Ceyhunla (Ceyhun Əsgərov - Milli Qəhrəman Salatın Əsgərovanın övladı – M.R.) çəkilən videolara baxanda ikrah duyurdum. Bu saxta canyananlıq insanı iyrəndirir. Mənim doğma qardaşım da eyni mərkəzdə reabilitasiya keçib və çıxandan bir həftə sonra əvvəlkindən də dəhşətli vəziyyətə düşüb. Bütün psixalogiyasını alt-üst etmişdilər. Yaxın dostlarımdan biri başqa bir reablitasiya mərkəzində müalicə olundu, çıxandan sonra bütün həyatı alt-üst oldu. Daha da çıxılmaz vəziyyətə düşdü. (Bu barədə nə vaxtsa daha ətraflı yazacam.)

Hazırda müzakirə mövzumuz başqadır. Nəsiminin reabilitasiya mərkəzində saxlanılması, "qaçdıqdan" sonra axtarılması, yenidən qaytarılması cəhdi və bu prosesin ictimailəşdirilməsi açıq-aşkar hüquq pozuntusudur. Mərkəzin rəhbəri deyir, Nəsimi ilə Həcc ziyarətinə gedəcəkdik, diş qoyduracaqdıq, evləndirəcəkdik və s. Mənim tanıdığım Nəsiminin adaşı kimi dərisini soymaq, onu nəyəsə məcbur etməkdən daha yaxşıdır.

Tanıyanlar, dost tanışı bilir ki, Nəsimi bir neçə asılılıqdan əziyyət çəkir və baş verənlər bu günün problemi deyil. Asılılıqdan müalicə yalnız könüllülük əsasında və şəxsin istəyi ilə mümkündür. Məcburi qaydada saxlanma və zorla geri qaytarılma qanunsuz azadlıqdan məhrumetmə əlamətləri yaradır.

Reablitasiya mərkəzi Nəsiminin, həmçinin Ceyhun Əsgərovun müalicə prosesini ictimailəşdirməkdə xoş niyyətli ola bilər, amma bu başdan ayağa səhv addımdır. Hazırda Nəsiminin razılığı olmadan onun həyatının ictimailəşdirilməsi isə şərəf və ləyaqətin alçaldılması, şəxsi məlumatların qanunsuz yayılması və etik normaların kobud şəkildə pozulmasıdır".

C.Cavanşir sosial şəbəkələrə, xəbər saytlarına çağırış edib:

"Lütfən, etməyin. Vicdanınız olsun! Reablitasiya Mərkəzi Nəsimi Nəbizadəni hansı haqla axtarır? Hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilində olan işlərə hansısa reablitasiya mərkəzi niyə qarışmalıdır? Mərkəzin rəhbərinin çıxışına baxdım, üzündə oyuncağını itirmiş uşağın nigaranlığı vardı. Nəsiminin Reablitasiya zamanı çəkilmiş bütün videoları ürək ağrısıdır, vicdansızlıqdır. Nəsimini Şəhidlər Xiyabanına, Fəxri Xiyabana, yarmarkaya aparmaq, danışdırmaqla nəyə nail olmağı düşünürsünüz? Mərkəzi böyütmək, həssas və xüsusi yanaşılmalı təbəqədən olan insanları şəxsi həbsxanalarınıza doldurub saxta canıyananlıq etmək? Maraqlıdır, ölkədə reablitasiya mərkəzləri artdıqca, narkomaniya da, alkoqolizm də, iqromaniya da "çiçəklənir". Və bu məndə bir çox cavabsız suallar yaradır.

Asılılıqdan əziyyət çəkən şəxslərin ailələri zatən məhv olur, üstəlik son ümid yeri kimi gördükləri reablitasiya mərkəzləri də bu ailələri soyub soğana çevirir, ciblərini doldurur".

C.Cavanşir dövlət orqanlarını reabilitasiya mərkəzləri ilə ciddi şəkildə maraqlanmağa çağırıb: "Ümumiyyətlə bu reablitasiya mərkəzləri hansı hüquqi əsaslarla, hansı qanunlarla işləyir? Bu mərkəzlərə hansı qurum nəzarət edir? Yerindən qalxan Villa kirayələyib, mini həbsxana yaradır. Mətbuatda tez-tez qarşımıza çıxan xəbərlərdən başa düşmək olur ki, bu tip mərkəzlər elə həbsxana qanunları ilə də idarə olunur.

Reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu müəssisələrin işi araşdırılmalı, məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir.

Olduqca geniş mövzudur. İctami müzakirəsi vacibdir. Peşəkarlar, mütəxəsislər və ən əsası dövlət bu məsələdə laqeyd olmamalıdır!"