İkinci dəfə SSRİ bayrağı qaldırıldı: Təsadüf, yoxsa məqsədli təxribat?

İkinci dəfə SSRİ bayrağı qaldırıldı: Təsadüf, yoxsa məqsədli təxribat? Gündəm

Sosial şəbəkə platformalarında kommunist ideologiyasının təbliğinə yönəlik çağırışlar fonunda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin saxlanılması yenidən ictimai müzakirələrə səbəb olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak edən digər şəxslər müəyyən edilərək saxlanılıb, onların barəsində cinayət işi açılıb.

Bu hadisə təkcə son günlərin olayı deyil. Xatırladaq ki, may ayında İmişli rayonunun Sarıxanlı kəndində Qələbə Günü tədbiri zamanı SSRİ bayrağının xatirə kompleksinin üzərinə sancılması geniş narazılıq doğurmuşdu. Həmin tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da SSRİ bayrağı fonunda, sinəsində “Georgi lenti” ilə çıxış etmişdi. Bu hadisə cəmiyyətdə təəccüb və narahatlıqla qarşılanmışdı.

Bəs dövlətimizin sabitliyi və milli dəyərlərimizi qorumaqda bu qədər həssas olduğu bir vaxtda bu cür addımlar və baş verənlər sıradan bir qanun pozuntusudur, yoxsa məqsədli şəkildə təşkil olunmuş təxribat?

Məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə News24.az-a açıqlamasında bildirib ki, bu barədə Konstitusiya və Cinayət Məcəlləsində konkret qaydalar var:

"Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş hər bir addım cinayət məsuliyyəti yaradır. SSRİ bayrağının qaldırılması təkcə nostalji və ya şəxsi simpatiya ifadəsi deyil, birbaşa olaraq Azərbaycanın müstəqilliyinə qənim kəsilən, onu şübhə altına alan hərəkət kimi qiymətləndirilməlidir. Bu səbəbdən də belə addımlar hüquqi müstəvidə ciddi məsuliyyət doğurur. Azərbaycan uzun illərdir çox ciddi dövlətçilik ənənəsi formalaşdırıb və dövlətin ideoloji təhlükəsizliyinə, sabitliyinə, milli rəmzlərinə qarşı yönəlmiş heç bir addımın cəzasız qalmasına imkan verilmir".

İqbal Ağazadə

Həmsöhbətimizin fikrincə, bu cür təşəbbüslərin arxasında məqsədli planların olması istisna edilmir:

"Hər bir ehtimal mümkündür. Bu şəxslər kənar qüvvələr tərəfindən yönləndirilə, müəyyən qruplar tərəfindən təhrik edilə və ya fərqli siyasi məqsədlərlə hərəkət etmiş ola bilərlər. Bütün bunları dəqiq müəyyən etmək üçün araşdırmalar davam etdirilir və nəticələri zaman göstərəcək. Digər tərəfdən dövlətin həmin şəxsləri qısa müddətdə müəyyən edərək saxlaması, cinayət işi açılması və ictimai narahatlığın qarşısının alınması dövlətçiliyimizin nə qədər həssas və prinsipial şəkildə qorunduğunu ortaya qoyur".