İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur

İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Gündəm

Bu ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur.

News24.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, bu gün həyata keçirilən bütün yenidənqurma və inkişaf işlərinin arxasında Kəlbəcərin uzun illər ərzində məruz qaldığı ağır dağıntılar, vandalizm və ekoloji terror dayanır: Dominos pizza

"İşğal dövründə rayonun yaşayış məntəqələri tamamilə dağıdılıb, sosial infrastruktur məhv edilib və insanların illərlə qurduğu yaşayış mühiti viran qoyulub. Tarixi və mədəni irsimizə qarşı vandalizm aktları törədilib. Tarixi abidələr, qəbiristanlıqlar və mədəni irs nümunələri ciddi dağıntılara məruz qalıb.

Eyni zamanda, Kəlbəcərin zəngin təbii sərvətləri və ekoloji mühiti amansız şəkildə istismar olunub. Meşələr məhv edilib, təbii sərvətlər talan olunub, su ehtiyatlarına və biomüxtəlifliyə ciddi ziyan vurulub. Rayonun iqtisadi potensialı, turizm imkanları və illərlə formalaşmış sosial infrastrukturu darmadağın edilib. İnsanlar isə doğma yurdlarından məcburi şəkildə didərgin salınıblar.

Buna görə də bu gün Kəlbəcərdə həyata keçirilən layihələr təkcə tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir. 44 günlük Vətən müharibəsindən və torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları əsasında genişmiqyaslı və məqsədyönlü bərpa və inkişaf işləri həyata keçirilir.

Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, davamlı iqtisadi fəaliyyəti qoruyur və bu ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilən dağıntıların, vandalizm aktlarının, ekoloji mühitə və mədəni irsə vurulan zərərlərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.