İran Azərbaycanla sərhəddə niyə raket qurğuları yığır? - Sensasion detallar

İran Azərbaycanla sərhəddə niyə raket qurğuları yığır? - Sensasion detallar Gündəm

İranın Azərbaycanla sərhəd bölgəsində hərbi fəallığını artırması ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Araz çayının cənub sahilində raket buraxılış qurğusu olduğu ehtimal edilən texnikanın görüntülənməsi və İranın ali rəhbərinin yüksək rütbəli hərbçilərlə görüşü diqqət çəkib. Bu hadisələr Tehranın hansı hərbi və siyasi mesajı verməyə çalışdığı ilə bağlı suallar yaradıb.

Bəs İranın sərhəddə hərbi qüvvələrini gücləndirməsi nədən xəbər verir? Bu addımlar Azərbaycan üçün real təhlükə yarada bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, İranın Azərbaycanla sərhəddə raket qurğularını yerləşdirməsi birmənalı qarşılanmır:

“Xüsusilə ABŞ-dən səsləndirilən bəyanatlar mümkün müharibənin daha genişmiqyaslı və dağıdıcı xarakter ala biləcəyi ilə bağlı narahatlıqları artırır. ABŞ-dəki bəzi məlumatlı mənbələr Vaşinqtonun İranla yeni müharibəyə hazırlaşdığını, hətta bu dəfə taktiki nüvə silahından istifadə variantının nəzərdən keçirilə biləcəyini iddia edirlər. Digər məlumatlarda isə ABŞ-nin indiyədək istifadə edilməmiş, yeni silah növündən yararlana biləcəyi bildirilir”.

Politoloq qeyd edib ki, İran da mümkün hərbi qarşıdurmaya hazırlaşır və ölkənin müxtəlif bölgələrində yeni raket sistemlərinin yerləşdirilməsinə başlanılıb. Bu sistemlərin bir qisminin Azərbaycanla sərhəd ərazilərində görünməsi isə əlavə suallar yaradır:

“İranın Azərbaycanla sərhəd bölgələrində hərbi infrastrukturunu gücləndirməsinin səbəbləri aydınlaşdırılmalıdır. Azərbaycan İran üçün hərbi təhlükə mənbəyi deyil. Bakı Tehranla normal əməkdaşlıq münasibətlərinin qorunmasında maraqlıdır və öz ərazisində xarici qüvvələrin yerləşdirilməsinə imkan vermir”.

Ekspertin fikrincə, rəsmi Tehran Azərbaycanla sərhəddə raket sistemlərinin yerləşdirilməsi ilə bağlı mövqeyini açıqlamalı və bu addımların hansı məqsəd daşıdığını izah etməlidir.