İran TRIPP-ə mane ola bilməyəcək - Politoloq

İran TRIPP-ə mane ola bilməyəcək - Politoloq Gündəm

Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ətrafında geosiyasi müzakirələr davam edir. Layihəyə beynəlxalq marağın artdığı bir vaxtda İranın ona qarşı mövqeyi yenidən diqqət mərkəzinə düşüb. Tehran dəhlizin yaradılmasına imkan verməyəcəyini bəyan edir. Bu barədə İran Ali liderinin müşaviri Məhəmməd Mehbər bildirib.

Bəs İranın bu mövqeyi layihənin gələcəyinə nə dərəcədə təsir edə bilər? Tehran TRIPP-in qarşısını almaq üçün hansı vasitələrdən istifadə edə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Zəngəzur dəhlizi yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malik nəqliyyat layihəsidir. Onun sözlərinə görə, son dövrlərdə Şərq və Qərb arasında ticarət əlaqələrinin genişlənməsi, eləcə də ənənəvi marşrutlara alternativ yolların axtarışı quru nəqliyyatının əhəmiyyətini artırıb:

"Bu baxımdan Zəngəzur dəhlizi beynəlxalq ticarət əlaqələrinin inkişafında mühüm keçid rolunu oynaya bilər. Layihənin reallaşması müxtəlif dövlətlərin iqtisadi və geosiyasi maraqları ilə üst-üstə düşür. Bu səbəbdən də Zəngəzur dəhlizinə yalnız region ölkələrinin deyil, dünyanın aparıcı güclərinin də diqqəti artıb. ABŞ-ın layihəyə xüsusi maraq göstərməsi və onun TRIPP adı altında gündəmə gətirilməsi də dəhlizin qlobal əhəmiyyətini təsdiqləyən amillərdəndir".

Politoloq qeyd edib ki, böyük dövlətlərin bu layihəyə həssas yanaşması onun gələcəkdə beynəlxalq nəqliyyat və ticarət sistemində mühüm yer tuta biləcəyini göstərir. Ekspert İranın Zəngəzur dəhlizinə münasibətinə də toxunub:

"Tehran əvvəldən layihənin reallaşmasına qarşı mövqe nümayiş etdirib. Bunun əsas səbəblərindən biri isə ABŞ-nin prosesdə fəal iştirak etməsidir. İranı narahat edən məqamlardan biri də TRIPP layihəsinin müəyyən hissəsinin ABŞ-ın iştirakı ilə həyata keçirilməsinin nəzərdə tutulmasıdır. Bu amil Tehranın layihəyə münasibətində tərəddüdləri artırır. İranın layihənin qarşısını almaq imkanları məhduddur. Tehran üçün daha məqsədəuyğun yanaşma layihəyə qarşı çıxmaq əvəzinə, prosesdə iştirak etmək və yaranacaq iqtisadi imkanlardan faydalanmaqdır".

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin reallaşması regional əməkdaşlıq baxımından yeni imkanlar yarada bilər. Bu səbəbdən İranın da layihəyə konstruktiv yanaşması və prosesdə öz maraqlarını təmin etməyə çalışması daha səmərəli mövqe olardı.

İran TRIPP-ə mane ola bilməyəcək - Politoloq