İranda 37 gündür internet yoxdur
Gündəm
İran İslam Respublikasında tətbiq edilən internet qadağası dünya tarixində görünməmiş miqyas alıb.
News24.az xəbər verir ki, qlobal internet monitorinqi ilə məşğul olan "NetBlocks" təşkilatının son hesabatına görə, ölkədə ümummilli şəbəkə kəsintisi artıq 37 gündür (864 saat) fasiləsiz davam edir.
Məlumata əsasən, bu, indiyə qədər qeydə alınan ən uzunmüddətli və genişmiqyaslı ümummilli internet kəsintisidir. Digər ölkələrdə zaman-zaman regional və ya müvəqqəti məhdudiyyətlər müşahidə olunsa da, İranın tətbiq etdiyi tam "rəqəmsal qaranlıq" öz miqyasına görə bütün oxşar halları geridə qoyub.
İran hakimiyyəti internetə çıxışı ABŞ və İsrailin hərbi əməliyyatlarının başlamasından dərhal sonra məhdudlaşdırıb. Tehranın rəsmi mövqeyinə görə, bu addım xarici qüvvələrin informasiya hücumlarının, kiber-təxribatların və daxili sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq məqsədilə atılıb.
Lakin mütəxəssislər qeyd edirlər ki, internetin bu qədər uzun müddət qapadılması ölkə iqtisadiyyatına, bank sisteminə və beynəlxalq kommunikasiyaya sarsıdıcı zərbə vurmaqdadır.