"Kartdan kart"a köçürmə DAYANDIRILIR: Artıq bütün ödənişlərə aiddir

"Kartdan kart"a köçürmə DAYANDIRILIR: Artıq bütün ödənişlərə aiddir Gündəm

Son zamanlar bir sıra mağaza, kafe və xidmət obyektlərində nağdsız ödənişlərdə vətəndaşlara POS-terminal əvəzinə şəxsi bank kartına birbaşa köçürmə etmələri təklif olunur. Alıcı və müştərilər bildirirlər ki, bəzi hallarda kartla rəsmi ödəniş qəbul edilmir. Ödəniş yalnız “kartdan-karta” üsulu ilə həyata keçirilir və nəticədə müştəriyə kassa qəbzi verilmir.

Mütəxəssislərin fikrincə, belə hallar həm maliyyə dövriyyəsinin şəffaflığına mənfi təsir göstərir, həm də vergi nəzarətindən yayınma riskini artırır. Aidiyyəti qurumların sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırmasına, baxmayaraq, bəzi obyektlərdə belə qeyri-rəsmi ödəniş forması qalmaqdadır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəfələrlə bu barədə çağırış və xəbərdarlıq etsə də, məsələ hələ də aktual olaraq qalır.

Məsələ ilə bağlı News24.az-a danışan "Liberal İqtisadçılar Birliyi"nin sədri Akif Nəsirli bildirib ki, "kartdan kart"a köçürmə üsulu ilə vergidən yayınma ictimai iaşə sektorunda geniş yayılmış bir problemdir:

"Restoranlar bu yola əsasən ona görə əl atır ki, nağd və ya şəxsi kart köçürməsi şəklində daxil olan gəliri kassa aparatından keçirmədən gizlətmək texniki cəhətdən asandır. POS terminal əvəzinə sahibin şəxsi kartına köçürmə qəbul etdikdə həmin məbləğ mühasibat uçotuna düşmür, buna görə də ƏDV və gəlir vergisi hesablanmır. Vergi yükünün səviyyəsinə gəldikdə, Azərbaycanda ümumi vergi sisteminə daxil olan restoranlar üçün ƏDV 18 faiz, mənfəət vergisi 20 faiz, sosial sığorta ayırmaları isə əlavə yük yaradır".

Ekspert qeyd edib ki, xüsusən kiçik və orta ölçülü müəssisələr üçün bu rüsumların cəmi xalis gəlirin əhəmiyyətli hissəsini aparır:

"Buna icarə, xammal bahalaşması və əməkhaqqı xərclərini əlavə etdikdə bəzi sahibkarlara vergini ödəmək deyil, ondan yayınmaq daha "rasional" görünür. Lakin bu, hüquqi deyil, iqtisadi bir məntiqdir və qanunu pozur. Qarşısının alınması üçün bir neçə sistematik tədbir lazımdır. Vergi orqanları bank məlumatları ilə çarpaz yoxlama aparmalı, fiziki şəxs kartlarına müəssisə fəaliyyətini xatırladan sistematik köçürmələri izləməlidir".

O qeyd edib ki, bütün ictimai iaşə obyektlərində elektron qaimə və onlayn kassa aparatı məcburi edilməli, bu sistemlər birbaşa vergi bazasına qoşulmalıdır:

"Eyni zamanda vergi yükünün özünün optimallaşdırılması vacibdir, çünki həddən yüksək vergi stimulları gizlətməyə yönəldir. Kiçik müəssisələr üçün sadələşdirilmiş vergi rejiminin şərtlərinin yumşaldılması könüllü uyğunluğu artırır. Müştəri tərəfindən də qəbz tələb etmək vərdişinin formalaşdırılması sistemin alt qatdan güclənməsinə kömək edir".

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Dövlət Vergi Xidməti alış-veriş zamanı POS-terminalların tətbiqindən imtina və “kartdan-karta” köçürmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir:

"Bu hallar iaşə və pərakəndə ticarət obyektlərində keçirilən monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur. Vergi ödəyicilərinin nəzərinə çatdırırıq ki, POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə nəticələnir.

Qeyd edək ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1.000 manatdan 6.000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.