Kənddə müəllim çatışmazlığı: Distant təhsil effekt verəcəkmi?

Kənddə müəllim çatışmazlığı: Distant təhsil effekt verəcəkmi? Gündəm

Ucqar kəndlərdə yerləşən 48 məktəbdə tədris distant formada həyata keçirilir.

Buna səbəb kimi müəllim çatışmazlığı və bəzi məktəblərə nəqliyyatın təşkil olunmaması göstərilir. Əyani təhsildən uzaq qalan şagirdlərin onlayn dərslərə cəlb olunması isə təhsilin keyfiyyəti və onların sosiallaşması ilə bağlı suallar yaradır.

Bu dərslər həmin şagirdlər üçün effektlidirmi?

Məsələ ilə bağlı News24.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, rayonların bəzi ucqar kəndlərində şagird sayı olduqca aşağı səviyyədədir: “Elə siniflər var orda cəmi iki, ya üç uşaq oxuyur, ümumiyyətlə şagird yoxdur. Həmin şagirdlər də tədris prosesində tam iştirak edə bilmirlər. Bəzi hallarda davamiyyət də olmur və ya müəllim dərsə gəlmir. Bu məktəblərdə say az olduğu üçün vakant yerlərin dərs yükü də az olur və müəllimlər də bu səbəbdən oranı seçib işləmək istəmirlər”.

Ekspert bildirib ki, belə hallarda dərslər rasionalizasiya və optimallaşdırmaya keçir. Bu səbəbdən distant təhsil zərurəti yaranır: “Həmin şagirdlərə məsələn, kimya dərsini fizika müəllimi, Azərbaycan dili dərsini isə ingilis dili müəllimi keçirdisə, distant təhsildə birbaşa fənn müəllimi özü keçir.

Eyni zamanda onlar ən azı 20-30 şagirdin qoşulduğu dərslərdə iştirak edirlər və bu, onların sosiallaşmasına müsbət mənada təsir göstərir. Həmçinin o fənləri üzrə təhsil ala və biliklərini inkişaf etdirə bilirlər. Bütün bunlar onların ümumi tədris prosesində iştirakında müstəsna rol oynayır.

Təbii ki, çox istərdik ki, bölgələrimizin əhalisi artsın, təhsil müəssisələri bağlanmasın və ya distant təhsilə keçmək zərurəti yaranmasın. Amma mövcud vəziyyət və reallıq tamamilə fərqlidir.