Kəndlərdə zibilə atılır, Bakıda od qiymətinə satılır
Gündəm
Yay mövsümünün başa çatmasına az qalıb, amma bəzi meyvələrin qiyməti düşmək bilmir. Xüsusilə bazarlarda gilası 7-8 manatdan aşağı tapmaq mümkünsüzdür. Hətta bəzi bazar və marketlərdə bu meyvə 10-12 manat arasında satılır.
Bununla yanaşı, son günlər sosial şəbəkələrdə satılmayan tonlarla gilasın zibilliyə atıldığını göstərən videolar yayımlanır. Gilasın qiymətinin düşəcəyini gözləyən insanlar yük maşınlarında tullantı sahələrinə aparıldığı əks olunan görüntüləri qınaqla müzakirə edirlər.
Bəs qiyməti əl yandıran bu meyvə niyə paytaxtda bu qədər bahadır? Fermerlər onu daha ucuz satmaq imkanı olduğu halda, niyə onu zibiliyə atırlar?
Məsələ ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son illərdə iri fermer təsərrüfatları və aqroparklar məhsulların tədarükü, saxlanması və satışı sahəsində üstün mövqe qazanıblar:
"Bu təsərrüfatlar özlərinə məxsus soyuducu anbarlar inşa edərək kəndlilərdən və iri bağ sahiblərindən gilası mövsüm zamanı böyük həcmdə və nisbətən ucuz qiymətə alırlar. Toplanan məhsulun bir hissəsi xarici ölkələrə ixrac edilir, digər hissəsi isə soyuducu anbarlarda saxlanılaraq mərhələli şəkildə daxili bazara çıxarılır. Bu isə bazarda qiymətlərin formalaşmasına ciddi təsir göstərir".
Ekspert qeyd edib ki, bəzi rayonlarda gilasın kiloqramının 2 manata satılması ilə Bakıdakı 7–10 manatlıq qiymətlər arasındakı fərq də məhz bununla bağlıdır.
"İri istehsalçılar məhsullarını böyük həcmdə bazara çıxara bildikləri üçün onları əsasən iri alıcılar və ixracatçılar alır. Kiçik bağ sahibləri isə kifayət qədər məhsul toplaya bilmədiklərindən ixrac bazarına və ya iri topdansatış şəbəkələrinə çıxış əldə edə bilmirlər. Nəticədə onlar məhsullarını yaşadıqları rayonlarda, yol kənarında və ya yerli bazarlarda daha ucuz qiymətə satmağa məcbur qalırlar. Çünki məhsulu Bakıya daşımaq və ya xarici bazarlara çıxarmaq onlar üçün iqtisadi cəhətdən sərf etmir".
Ekspert əlavə edib ki, iri şirkətlərin soyuducu anbarlara, logistika imkanlarına və öz market şəbəkələrinə malik olması onlara həm topdansatış, həm də pərakəndə satış bazarında qiymətlərə təsir etmək imkanı yaradır.
Sosial şəbəkələrdə yayılan, fermerlərin tonlarla gilası zibilə atmasını əks etdirən görüntülərə gəlincə, ekspert bunun əsas səbəbinin də satış və logistika problemləri olduğunu qeyd edib. Onun sözlərinə görə, tez xarab olan məhsulu uzun müddət saxlamaq mümkün olmur:
"Fermer bəzən məhsulu bazara çıxarmaqdansa, onu məhv etməyə məcbur qalır. Çünki nə ixrac imkanı olur, nə də məhsulu qəbul edəcək müəssisə tapılır. Məhsulu toplamaq, daşımaq və saxlamaq əlavə xərc yaradır. Satış olmadıqda isə həmin məhsul iqtisadi dəyərini itirir və nəticədə tullantıya çevrilir".