Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirildi - FOTOLAR
Gündəm
İyunun 10-da Şəki Dövlət Regional Kollecində Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.
Tədbiri açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında obyektiv məlumatların ictimaiyyət arasında geniş təbliği, bu istiqamətdə sağlam ictimai rəyin formalaşmasına töhfə verməkdir.
X. Əhmədov qeyd edib ki, Şəki, Oğuz və İsmayıllı rayonlarında həyata keçirilən layihə regionlarda tolerantlıq və multikulturalizm dəyərlərinin daha geniş təşviqinə xidmət edir. Onun sözlərinə görə, belə təşəbbüslər cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında dialoqun inkişafına mühüm töhfə verir.
Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı məkan kimi tanınıb. O qeyd edib ki, ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələri əsrlər boyu inkişaf edərək milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrilib.
R.Mirhəşimli çıxışında Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda mövqeyinin daha da gücləndiyini, 44 günlük Vətən müharibəsi dövründə ölkədə yaşayan bütün xalqların və dini icmaların nümayəndələrinin vahid məqsəd ətrafında birləşərək yüksək milli həmrəylik nümayiş etdirdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət, birlik və etimad mühiti ölkənin uğurlarının əsas amillərindən biridir.
Məruzəçi həmçinin dövlət tərəfindən həyata keçirilən multikulturalizm siyasətinin bu ənənələrin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bildirilib ki, müxtəlif dini ibadət ocaqlarının qorunması, mədəniyyətlərarası dialoqun təşviqi və beynəlxalq tədbirlərin təşkili Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanınmasına mühüm töhfə verir.
Tədbirdə çıxış edən Şəki rayon Mərkəzi Məscidinin imam müavini, Qurani-Kərim hafizi Elşad Şahmurov, Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, Turan qəsəbə məscidinin imamı və dini icmanın sədri Mikayıl Məmmədov, həmçinin Şəki Mərkəzi Məscidinin imamı Əlyəsə Əslanov Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinin qorunmasının vacibliyindən danışıblar.
Çıxış edənlər ölkədə dini və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək bu mövzuda təşkil olunan ictimai müzakirələrin böyük əhəmiyyət daşıdığını bildiriblər. Onlar belə layihələrin regionlarda mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb, gənclər arasında tolerantlıq və multikulturalizm dəyərlərinin daha geniş təbliği ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları layihənin cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin təşviqinə mühüm töhfə verdiyini qeyd ediblər.