Küçədə adam döyməkdə təqsirləndirilən şəxslə bağlı qərar dəyişdi

Küçədə adam döyməkdə təqsirləndirilən şəxslə bağlı qərar dəyişdi Gündəm

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən F.Şirinovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

News24.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin tqsirləndirilən şəxs barəsində çıxardığı hökmü ləğv olunub. F.Şirinov münasibətdə cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilib.

İbtidai istintaq orqanı tərəfindən F.Şirinova Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, hadisə 2024-cü il tarixdə saat 21:00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Günel” ticarət mərkəzinin yanında baş verib.

Belə ki, F.Şirinov ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. Bildirilir ki, o, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) nalayiq sözlərlə söyüb, daha sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs xəsarətlər alıb.

İbtidai istintaq orqanı hesab edib ki, F.Şirinov S.S.-ə qəsdən yüngül xəsarətlər yetirməklə, ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törədib.

Hadisədən sonra F.Şirinov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət alıb. Lakin dövlət ittihamçısı bu qərarla razılaşmayaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin hökmünü ləğv edib və iş üzrə yeni hökm çıxarıb. Yeni hökmə əsasən, F.Şirinovun əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilib.

Beləliklə, apellyasiya məhkəməsi onun hərəkətlərində xuliqanlıq cinayətinin deyil, qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin olduğunu müəyyən edib.

Bakı Apellyasiya Məhkəməsi F.Şirinovu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilsə də, həmin Məcəllənin 73.2-ci maddəsini tətbiq edib. Nəticədə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Bakı Apellyasiya Məhkəməsinin hökmündən sonra F.Şirinovun müdafiəçisi kassasiya şikayəti verib. Müdafiəçinin şikayət verməsinə səbəb apellyasiya məhkəməsinin F.Şirinov barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verməsi olub.//pravda.az