Kukla Teatrının rejissoru boşanır – "Buna məcburam"
Gündəm
Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva həyat yoldaşı, teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə boşanmaq qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə Səidə Haqverdiyeva öz sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il ərzində hər zaman qayğıkeş, ədalətli və xeyirxah olub. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir, amma buna məcburam”, – deyə o bildirib.
Rejissor qeyd edib ki, son illər ərzində həyat yoldaşına mənəvi təzyiqlər göstərilib və bu, onun səhhətinə ciddi təsir edib:
“Beş ilə yaxındır ki, məhz mənə görə müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz".
Səidə Haqverdiyeva əlavə edib ki, Rəşad Əhmədzadə bu qərarı xoş qarşılamasa da, onun seçimlərinə hörmətlə yanaşıb.
O həmçinin yaxın günlərdə özünə və ailəsinə təzyiq göstərən şəxslər barədə ətraflı məlumat paylaşacağını bildirib:
“Səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq".
Nilufər