Lənkəranda döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü - YENİLƏNDİ

Lənkəranda döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü - YENİLƏNDİ Gündəm

Xəbər verdiyimiz kimi, Lənkəranın Kərgəlan kənd sakini 16 yaşlı E.İ. yeniyetmə xəstəxanada ölüb.

Yeniyetmənin ölümü ilə bağlı TƏBİB-dən News24.az -a verilən məlumata görə, 2010-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi, komatoz vəziyyət diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. süni tənəffüs aparatına qoşulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 21.09.2026-cı il tarixində saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib".

***


Lənkəranda 4 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.

Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.

Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində baş verib.

Araşdırma aparılır. /APA/