İlin son günü nələr etmək lazımdır? – Mütəxəssislər tövsiyə edirlər

İlin son günü nələr etmək lazımdır? – Mütəxəssislər tövsiyə edirlər Gündəm

İlin son günü bir çoxları üçün həm geridə qalan aylara nəzər salmaq, həm də yeni ilə psixoloji hazırlaşmaq üçün fürsət sayılır.

News24.az xəbər verir ki, mütəxəssislər bu günü düzgün dəyərləndirməyin insanın yeni ilə daha rahat və motivasiyalı başlamasına kömək etdiyini bildirirlər.

Psixoloqlar, ilk növbədə, ilin qısa bir qiymətləndirilməsini aparmağı məsləhət görürlər. İl ərzində əldə olunan nailiyyətləri xatırlamaq, yarımçıq qalan planları analiz etmək və mənfi emosiyaları geridə qoymaq vacib hesab olunur.

Eyni zamanda, ilin son günü evdə və şəxsi məkanda səliqə-sahman yaratmaq tövsiyə edilir. Lazımsız əşyaların yığışdırılması və gündəlik xaosun azalması yeni ilə daha rahat başlamağa şərait yaradır.

Mütəxəssislər insanların sosial münasibətlərə də diqqət ayırmasını önəmli sayırlar. Yaxınlarla vaxt keçirmək, inciklikləri aradan qaldırmaq və dəyər verilən şəxslərə xoş sözlər demək ilin emosional olaraq tamamlanmasına müsbət təsir göstərir.

Yeni il üçün real və ölçülə bilən məqsədlər müəyyənləşdirmək də tövsiyələr sırasındadır. Mütəxəssislər qeyd edirlər ki, azsaylı, amma konkret hədəflər motivasiyanı artırır.

İlin son günü mütləq səs-küylü və ya ideal keçməlidir düşüncəsi doğru deyil. Ən vacibi bu günü insanın özünü rahat və dinc hiss edəcəyi şəkildə keçirməsidir.

Nilufər