Liseydə silahlı insident: Valideyn nəzarəti və məktəb təhlükəsizliyi sual altındadır

Liseydə silahlı insident: Valideyn nəzarəti və məktəb təhlükəsizliyi sual altındadır Gündəm

Liseydə müəlliməyə silahlı hücum

Bu gün səhər saatlarında ölkə gündəmində ciddi narahatlıq doğuran hadisə baş verib. “İdrak” liseyinin 10-cu sinif şagirdi 29 yaşlı müəlliməsini güllələyib. Müəllimə xəstəxanaya yerləşdirilib, şagird isə polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları hələ tam açıqlanmasa da, müxtəlif ehtimallar səsləndirilir. Liseydə övladı təhsil alan bir valideyn bildirib ki, məktəbə girişdə yoxlama proseduru mövcuddur və şagirdin silahı necə gizlədərək içəri keçirməsi müəmmalı olaraq qalır. İlkin məlumatlara görə, silah şagirdin atasından götürülüb. Hadisə yerindən məlumat verənlər şagirdin onlayn oyunlara aludə olduğunu qeyd ediblər.

Valideyn və məktəb məsuliyyəti müzakirədə

Hadisə həm valideynləri, həm də təhsil ictimaiyyətini dərin narahatlıq içərisinə salıb. Əsas sual isə açıq qalır: “Bu, valideyn məsuliyyətsizliyinin nəticəsidir, yoxsa məktəbdə nəzarət mexanizmlərinin kifayət qədər olmamasından qaynaqlanır?” Eyni zamanda özəl təhsil müəssisələrinə vahid nəzarətin hansı qurum tərəfindən həyata keçirildiyi də aktuallığını qoruyur. Elm və Təhsil Nazirliyi bildirib ki, özəl liseylər üzərində birbaşa nəzarət onların səlahiyyətində deyil.

“Çox ağır və xoşagəlməz hadisə”

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi hadisəni “çox ağır və xoşagəlməz” olaraq qiymətləndirib:

“Bu cür hadisələr insanda elə bir təsəvvür yaradır ki, sanki biz kriminal bir şəhərdə, yaxud kriminal bir ölkədə yaşayırıq. Dünən iki məktəbli arasında baş verən hadisə, bu gün isə yenə oxşar bir vəziyyətin yaşanması açıq şəkildə çox ciddi problemdir. İnsan bəzən danışmağa söz tapa bilmir. Yəni bir şagird hansı düşüncə ilə bu addımı atır və ya 12 yaşlı bir uşaq nəyi düşünərək özündən 4–5 yaş kiçik bir şagirdə soyuq silahla hücum etməyə çalışır? Bunlar ağlasığan hallar deyil".

Təsil eksperti Elçin Əfəndi

Valideyn nəzarəti və məktəb təhlükəsizliyi

Ekspert əlavə edib ki, şagirdin silah gətirməsi açıq şəkildə valideyn nəzarətinin olmamasını göstərir:

“Görünür ki, şagird özbaşınadır və üzərində lazımi valideyn nəzarəti yoxdur. Onun çantası yoxlanılırmı, ümumiyyətlə çantasında nə daşıyır, hansı əşyaları yığır, bunlara diqqət yetirilmir. Birinci məsələ burada məsuliyyətsizlikdir. İkinci məsələ isə məktəbdə xüsusi yoxlayıcı cihazların, metal detektorların və ya oxşar təhlükəsizlik vasitələrinin olmamasıdır ki, şagird hər hansı bir soyuq və ya odlu silah gətirdikdə bu, əvvəlcədən aşkar edilsin".

Təhsildə məsuliyyət və ədalət

Elçin Əfəndi həmçinin təhsildə məsuliyyət və ədalət məsələsinə toxunaraq bildirib:

“Burada fərq etməz kimsə yüksək ödəniş edir, kimsə az ödəniş edir, yaxud bu dövlət və ya özəl təhsil müəssisəsidir. Yekunda nə müəllim şagirdə qarşı qısnama və ya şiddət göstərməlidir, nə də şagird müəllimə qarşı aqressiv davranış sərgiləməlidir. Uşağın "sıxılmaması" məsələsi isə mənim fikrimcə, doğru yanaşma deyil. İstər 6–6,5 min manat, istər 10 min manat, hətta 20 min manat təhsil haqqı ödəsin, bu o demək deyil ki, o yaxşı oxumursa ona formal və ya obyektiv olmayan qiymət yazılsın. "Çox pul ödəyir" deyə uşağa güzəşt etmək düzgün yanaşma deyil".

Cavabdehlik özəl müəssisənin üzərindədir

Ekspert həmçinin qeyd edib ki, məsuliyyət tamamilə özəl təhsil müəssisəsinin üzərindədir:

“Nazirliyin və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cavabdehlik daşımaması məsələsinə gəldikdə isə, bu, özəl bir təhsil müəssisəsidir. Burada nə nazirliyin, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birbaşa cavabdehliyi yoxdur. Bu özəl lisey olduğuna görə, məsuliyyəti də birbaşa həmin özəl müəssisə daşıyır".