Macarıstan səfiri: Hazırda dünyada milyardlarla insanın mənzil təminatı əlçatmazdır
Gündəm
Hazırda dünyada milyardlarla insanın mənzil təminatı əlçatmazdır.
News24.az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, Bakıda WUF13-ün keçirilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin mühüm üzvü kimi tanınmasının göstəricisidir:
"On il əvvəl beynəlxalq ictimaiyyət iddialı bir baxışla yeni şəhər gündəliyini qəbul edib. Biz bu gün həmin gündəliyin iddialı öhdəliklərinin onillik icrasına nəzər salarkən təkcə mühüm irəliləyişləri deyil, həm də təcili vəzifələri də etiraf etməliyik. Son on il ərzində yeni şəhər gündəliyi dayanıqlı şəhərləşmə məsələsini qlobal inkişafın mərkəzinə gətirməyə kömək edib. Bir çox ölkələr öz fəaliyyətlərini izləyib, şəhər siyasətləri hazırlanıb, iqlimə davamlı planlaşdırma genişləndirilib və ictimai nəqliyyata, rəqəmsal infrastruktura investisiyalar yatırılıb".
Onun sözlərinə görə, mənzil böhranı dünyanın bir çox yerlərində dərinləşib:
"Müvafiq, təhlükəsiz mənzilə çıxış dünya üzrə milyardlarla insan üçün hələ də əlçatmazdır. Ona görə də mənzil artıq yalnız sosial məsələ kimi nəzərdən keçirilməməlidir. O, dövrümüzün müəyyənedici iqtisadi, ekoloji və siyasi çağırışıdır. Reallıq aydındır: biz mənzil məsələsini şəhər gündəliyinin mərkəzinə qoymadan dayanıqlı şəhər inkişafına nail ola bilmərik. Ona görə də növbəti onillik icra onilliyi olmalıdır".//report.az