Məktəbdə silah səsləri: Müəlliməyə atəş açıldı, təhsil qurumları isə susur
Gündəm
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyində insident baş verib. Belə ki, 10-cu sinif şagirdi həmin təhsil müəssisəsində riyaziyyat müəlliməsi kimi çalışan Şəhla Kamilovaya tüfənglə atəş açıb.
Hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Məqsədimiz “İdrak” liseyi də daxil olmaqla ölkədə fəaliyyət göstərən özəl təhsil müəssisələrinə rəsmi nəzarətin hansı dövlət qurumu tərəfindən həyata keçirildiyini dəqiqləşdirmək idi. Lakin sorğumuza rəsmi cavab ala bilmədik.
Bununla yanaşı, liseyin özü ilə də əlaqə yaratmağa çalışdıq. Sosial media səhifələrində qeyd olunan əlaqə nömrələrinə zəng etsək də, zənglərimiz cavabsız qaldı. Təhsil müəssisəsinin rəsmi saytına isə daxil olmaq mümkün olmadı.
Belə vəziyyətdə sual yaranır: Özəl liseylərə birbaşa nəzarət hansı qurumun səlahiyyətindədir? Bu kimi halların qarşısının alınması üçün lisey rəhbərliyi ilə yanaşı, dövlət qurumları hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov News24.az -a bildirib ki, baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb və bu narahatlıq tam əsaslıdır:
“Bu gün Azərbaycanda həm dövlət, həm də qeyri-dövlət məktəbləri fəaliyyət göstərir və dövlət məktəbləri xüsusi önəm daşıyır. Eyni zamanda, özəl məktəblərin üzərinə də böyük məsuliyyət düşür. Özəl təhsil müəssisələri ciddi öhdəlik daşıyır və bu məsuliyyəti üzərlərinə götürürlər. Buna görə də məktəblər özəl olsa belə, metodik və nəzarət baxımından müvafiq qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılmalıdır.
Hesab edirəm ki, bu istiqamətdə artıq müəyyən addımlar atılır və proses davam edir. Çalışmalıyıq ki, belə hallar bir daha təkrarlanmasın. Təhsil ümumi və strateji sahə olduğu üçün dövlət qurumları bu məsələni ciddi və davamlı nəzarətdə saxlamalıdır”.