Məktəblərdə yeni qadağa: Artıq mümkün olmayacaq

Məktəblərdə yeni qadağa: Artıq mümkün olmayacaq Gündəm

Məktəblilərin sosial şəbəkələrdən istifadəsi və zərərli internet məzmunlarından qorunması məsələsi Azərbaycanda yenidən gündəmə gəlib. Şagirdlərin rəqəmsal təhlükələrdən qorunması məqsədilə təhsil müəssisələrində müəyyən məhdudiyyətlərin tətbiq olunduğu açıqlanıb. Belə ki, Azərbaycanda məktəblərdə "Tik-Tok"a çıxış məhdudlaşdırılıb.

Bəs məktəblərdə "Tik-Tok"a və zərərli kontentlərə çıxışın məhdudlaşdırılması şagirdlərin internet təhlükələrindən qorunması üçün nə dərəcədə effektiv olacaq?

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Elm və Təhsil Nazirliyinin məktəblərdə "Tik-Tok" sosial şəbəkəsinə və zərərli məzmunlara çıxışın məhdudlaşdırılması istiqamətində atdığı addımlar müsbət qiymətləndirilməlidir, lakin onun fikrincə, bu tədbirlər problemin tam həlli üçün kifayət etmir.

"Şagirdlər məktəblərdə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, smartfonlardan və digər texniki vasitələrdən istifadə etməklə sosial şəbəkələrə daxil olmaq imkanına malikdirlər. Buna görə də yalnız məktəblərdə internetə çıxışın məhdudlaşdırılması ilə kifayətlənmək düzgün yanaşma deyil. Əsas məsələ uşaqların sosial şəbəkələrdən hansı məqsədlə istifadə etməsi və qarşılaşdıqları məzmunun onların düşüncəsinə, davranışlarına və təhsilinə necə təsir göstərməsidir".

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi artıq bir müddətdir ki, bu istiqamətdə təşəbbüslər irəli sürür:

"Biz bilirik ki, şagirdlər smartfonlardan və digər vasitələrdən istifadə etməklə həm Tik-Tok-a, həm də başqa sosial şəbəkələrə daxil ola bilirlər. Məktəblərdə müəyyən məhdudiyyətlərin tətbiq olunması vacib addımdır, amma bu, problemin köklü şəkildə həlli demək deyil. Sosial şəbəkələrin yeniyetmələrə təsiri məsələsinə daha ciddi yanaşılmalıdır. Xüsusilə Tik-Tok-da yayılan bəzi məzmunlar uşaqların vaxtının səmərəsiz keçməsinə, dərslərə marağının azalmasına və davranışlarında arzuolunmaz dəyişikliklərin yaranmasına səbəb ola bilər".

Ekspert vurğulayıb ki, rəqəmsal platformalarda yayımlanan bütün məzmunları eyni qiymətləndirmək olmaz:

"Sosial şəbəkələrdən təhsil, maarifləndirmə və yaradıcılıq məqsədilə də istifadə etmək mümkündür. Bununla belə, uşaqların yaş xüsusiyyətlərinə uyğun olmayan, aqressiyanı təşviq edən və zərərli davranışları normallaşdıran paylaşımların qarşısının alınması vacibdir. Əlbəttə, yaxşı olardı ki, uşaqlar sosial şəbəkələrdən sağlam istiqamətdə istifadə etsinlər. Ancaq təəssüf ki, bəzi məzmunlar gənc nəslin dünyagörüşünə, milli-mənəvi dəyərlərinə və təhsilə münasibətinə mənfi təsir göstərə bilir. Buna görə də bu məsələ ilə bağlı daha geniş tədbirlər görülməli, zərərli məzmunların uşaqlara təsirini azaltmaq üçün imkanlar artırılmalıdır".