"Atam xəstələnən ilk gündən..." - Məmməd İsmayılın qızı

"Atam xəstələnən ilk gündən..." - Məmməd İsmayılın qızı Gündəm

Məmməd İsmayılın vəfatının birinci ildönümü münasibətilə qızı Könül İsmayıl təşəkkür və minnətdarlıq müraciəti edib.

News24.az xəbər verir ki, o, ailəsinin çətin, üzüntülü günlərində onlara dəstək olan hər kəsə təşəkkür edib: "Atamız, böyük şair və yazıçı Məmməd İsmayılın vəfatından bir il ötür.

Bu ağır və kədərli bir il ərzində onun son gününə, son nəfəsinə qədər yanında olan, ona sədaqət göstərən, sevgisini, qayğısını və diqqətini əsirgəməyən bütün dostlarına, yaxınlarına və onu sevən hər kəsə Məmməd İsmayıl ailəsi adından dərin təşəkkürümüzü bildiririk.

Atamızın ağır xəstəliyi ilə mübarizə apardığı 3 il ərzində Azərbaycanda xəstəxana xərclərinin əksəriyyətini, Avropadan onun müalicəsi üçün gətirilən aylıq dərmanları onun yaradıcılığına və şəxsiyyətinə böyük sevgi və hörmət bəsləyən Azərbaycanın əməkdar hüquqşünası, professor İlham Rəhimov öz üzərinə götürmüşdü. İlham müəllim bu etibarı və vəfası ilə əsil İnsan və atamızın həqiqi dostu olduğunu sübut etdi.

Bu səbəbdən İlham Rəhimova Məmməd İsmayıl ailəsi adından sonsuz minnətdarlığımızı bildiririk.

İlham Rəhimov üç il boyunca atamızı bizim yanımızda yaşatdı. O, yalnız maddi yardım göstərmədi; ən çətin günlərimizdə mənəvi dayağımız oldu, qayğısını, diqqətini və sevgisini əsirgəmədi. Atamızdan heç vaxt doya bilməsək də, onun ömrünün son üç ilini bizimlə keçirməsinə imkan yaradan bu böyük fədakarlıq bizim üçün əvəzsiz bir təsəlli və böyük nemət idi.

İlham Rəhimova və ailəsinə can sağlığı, uzun ömür, əmin-amanlıq arzulayır, bütün bu xeyirxah əməllərinin Allah tərəfindən böyük mükafatla qarşılanmasını diləyirik.

Atamızın xəstəliyinin aşkarlandığı ilk gündən onu nəzarətə götürən, müalicəsi boyunca yanında olan Türkiyədəki sadiq dostları Professor Doktor Sacit Tunalı, Yağmur Tunalı və Ali Doğan bəyə xüsusi minnətdarlığımızı bildiririk. Atamızın bütün əməliyyatlarının ödənişsiz həyata keçirildiyi Ankara Qazi Universitetinə və onun həkim kollektivinə sonsuz təşəkkürümüzü çatdırırıq. Daha bir sonsuz təşəkkürümüz Heydər Əliyev Fondunadır.

Bu bir il ərzində atamızın sadiq dostları Mikayıl Bozala, Çingiz Abbasova, Bünyamin Tonka bəyə, Fazil Mustafa bəyə, jurnalist Mirşahin bəyə, İlham Süleymanoğluna, Akif Əhmədgilə və adlarını burada sadalaya bilmədiyim, lakin ürəyimizdə hər birinin yeri olan bütün dostlarına və doğmalarına da dərin təşəkkürümüzü bildiririk.

Atamızın obrazını, mərdliyini, əyilməzliyini və xarakterini böyük ustalıqla bürüncə çevirərək əbədiləşdirən, bu möhtəşəm əsər üzərində böyük sənətkarlıqla çalışan gözəl və istedadlı heykəltəraşımız Namiq Hüseynova dərin təşəkkürümüzü bildiririk.

Evimizin kiçik nəzarət kamerasından gördüyümüz, atamızı soruşmaq, halını öyrənmək və ona baş çəkmək üçün edilən yüzlərlə zəng, ziyarət və diqqət heç vaxt yaddaşımızdan silinməyəcək. Bilin ki, sizin hər birinizin sevgisini, qayğısını və diqqətini hiss etmişik.

Atama daima sevgi göstərən, onun şeirlərini zəng edib oxuyan, ona məqalələr, şeirlər yazan və Atama ilham verən bütün oxucularına dərin təşəkkürümüzü bildiririk.

Sizin sevginiz atamıza ruh verdi. Sizin qayğınız ona güc verdi. Sizin diqqətiniz onun üç il daha bizimlə yaşamasına səbəb olan mənəvi dayaqlardan biri oldu.

İnsan ömrü bir gün sona çatır. Amma insanın başqalarının qəlbində yaratdığı sevgi və yaxşılıq ölümə tabe olmur.

Onun şair, yazıçı, jurnalist, tənqidçi və alim kimi yaratdığı əsərlər, Azərbaycan ədəbiyyatında buraxdığı silinməz iz əbədi yaşayacaq. Özü dediyi kimi, “Dünya yarananda hər şeydən öncə Söz vardı”. Atamız o sözə böyük bir sevgi və sədaqətlə xidmət etdi. Və bizə əmanət etdiyi sözləri, əsərləri onu bu fani dünyada heç zaman unutdurmayacaq.

Atamız Məmməd İsmayıl artıq aramızda yoxdur. Lakin onun sözü, şeiri, kitabları, dostları və onu sevən insanların yaddaşındakı xatirəsi yaşayır. Biz inanırıq ki, onu sevən hər bir insanın qəlbində onun ömründən bir parça var.

Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin.

Atamızın ruhu şad, məkanı cənnət olsun.