"Mənim oğlumun nə borcu olub, nə də içki asılılığı" - Azərbaycanlı prodüserin anası

"Mənim oğlumun nə borcu olub, nə də içki asılılığı" - Azərbaycanlı prodüserin anası Gündəm

"Mənim oğlum kifayət qədər tanınmış şəxs idi, onun heç vaxt maddi problemi olmayıb. Hazırda istintaq tədbirləri davam edir və bu hadisənin bədbəxt təsadüf olub-olmadığını ekspertizanın nəticələri sübut edəcək".

Bunu News24.az-a ötən gün Rusiyada həlak olan prodüser Elmir Məhərrəmovun anası, tanınmış jurnalist Mariya Məhərrəmova deyib. O bildirib ki, hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir və ölümün hansı şəraitdə baş verdiyi ekspertiza nəticəsində müəyyənləşəcək.

Mariya Məhərrəmovanın sözlərinə görə, oğlu tanınmış şəxs olub, heç vaxt maddi çətinlik çəkməyib və hər hansı pis vərdişi olmayıb.

“Onun sevgilisi ilə mübahisə etdiyi bildirilir. Hadisə baş verən zaman evdə onlardan başqa heç kim olmayıb. Oğlum ziyalı və tanınmış ailənin nümayəndəsi idi, bir çox məşhur şəxslərin prodüserliyini edib. Hazırda onun haqqında həqiqəti əks etdirməyən məlumatlar yayılır. Balkondan yıxılması ehtimalı da istisna edilmir. Bütün versiyalar araşdırılır. Xahiş edirəm, hadisə ilə bağlı yalnız dəqiq və doğru məlumatlar yayılsın”, – deyə o qeyd edib.