"Məzarı açanda gördüyümdən dəhşətə gəldim" - Həmid Cəfərov

 "Məzarı açanda gördüyümdən dəhşətə gəldim" - Həmid Cəfərov Gündəm

RTV-də yayımlanan "Qaranlıqda həqiqət" layihəsinin budəfəki qonağı istefada olan polkovnik Həmid Cəfərovdur. News24.az xəbər verir ki, Ruhiyyə Əliyeva ilə həmsöhbət olan Həmid müəllim bu maraqlı müsahibəsində dahi Azərbaycan şairi Hüseyn Cavidin məzarının uzaq Sibirdə Şevçenko kəndindəki qəbiristanlıqda minlərlə məzarın arasından axtarıb tapmalarından danışıb.

Onun sözlərinə görə, Cavidin məzarının tapılması və açılması üçün ciddi hüquqi və təşkilati tədbirlər görülüb:

“Biz sutka yarım ərzində İrkutskdan Tayşetə gəldik. Orda arxivə gedib bir daha sənədlərlə tanış olduq. Sənədlərdə göstərilirdi ki, 1941-ci il noyabrın 17-də Hüseyn Cavid Maqadandan əlillər evinə gətirilib. O, dekabrın 5-də gecə saat 22:30-da vəfat edib, dekabrın 7-də isə 59 nömrəli məzarda dəfn olunub”.

Polkovnik qeyd edib ki, həmin sənədlər hazırda da arxivdə qorunur və onların əsasında məzarın dəqiq yeri müəyyən edilib.

Həmid Cəfərov əlavə edib ki, əldə olunan məlumatların təsdiqlənməsi üçün yerli rəhbərliklə görüşlər keçirilib, rəsmi sənədlər toplanıb və bütün proses hüquqi əsaslarla həyata keçirilib.

Qeyd edək ki, Hüseyn Cavid repressiya qurbanı olaraq Sibirdə vəfat edib və onun nəşi Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycana gətirilib. Bu, tariximizin mühüm hadisələrindən biridir.