Məktəblərdə nə baş verir? - Deputat ÇAĞIRIŞ etdi

Məktəblərdə nə baş verir? - Deputat ÇAĞIRIŞ etdi Gündəm

Son günlər ölkə məktəblərində baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Qısa müddət ərzində ard-arda qeydə alınan zorakılıq halları, xüsusilə də Bakıda 286 nömrəli məktəbdə şagirdin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması, eləcə də Ağstafada məktəblərdən birində baş verən bıçaqlanma hadisəsi təhsil mühitində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bu cür hadisələr təkcə valideynləri deyil, ümumilikdə ictimaiyyəti narahat edir, düşündürür.

Məktəblərdə nə baş verir? Uşaqlar niyə bu qədər aqressivləşiblər?

Mövzu ilə bağlı News24.az-a danışan deputat Aqil Abbas problemin əsas səbəblərindən birinin uşaqların nəzarətsiz internet istifadəsi olduğunu deyib:

“Müasir dövrdə şagirdlərin əksəriyyətinin əlində olan smartfonlar vasitəsilə müxtəlif, bəzən isə zərərli məzmunlara çıxış imkanının geniş olması onların davranışına ciddi təsir göstərir. Yəni bu, telefonun, internetin zibilidir. Bunun qarşısını almaq üçün müəyyən qadağalar tətbiq olunmalıdır, nəzarət gücləndirilməlidir. Uşaqlar internetdə hər cür görüntülərə baxırlar, oradan pis vərdişlər götürürlər. Biz hamımız son dövrlərdə Türkiyədə baş verən hadisələri gördük. Onlar bizə yaxın cəmiyyətdir, qardaş ölkədir və təbii ki, orada baş verənlər bizim uşaqlara da təsir edir, onları müəyyən mənada həvəsləndirir”.

Deputat qeyd edib ki, bu təkcə texnologiya ilə bağlı deyil, həm də tərbiyə və nəzarət məsələsidir:

“Valideynlər və məktəblər uşaqların hansı məzmuna baxdığını daha ciddi şəkildə izləməlidir. Uşaqlara ağıllı telefon verilməməlidir. Bu, asan məsələ deyil, çünki artıq demək olar ki, bütün uşaqların əlində telefon var. Onlar hər gün yeni nələrsə görürlər və bu da onların psixologiyasına birbaşa təsir edir. Aqressiyanın artması, zorakılığa meyl etmələri də məhz bu təsirlərin nəticəsi ola bilər".