Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK
Gündəm
"Hazırda bütün təhsil müəssisələri vahid internet şəbəkəsi çərçivəsində birləşdirilib. Bu infrastruktur həm təhsilin idarə olunmasının təkmilləşdirilməsinə, həm də tədris prosesinin daha səmərəli təşkilinə imkan yaradır".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masa zamanı deyib.
Onun sözlərinə görə, son altı ildə məktəblərdə kompüter təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb: "Belə ki, altı il əvvəl 33 şagirdə bir kompüter düşürdüsə, hazırda bu göstərici 6 şagirdə bir kompüterdir. Növbəti illər üçün əsas hədəf hər bir şagirdin rəqəmsal alətlərlə təmin olunmasıdır. Bununla yanaşı, müəllimlərin də rəqəmsal mühitdə səmərəli fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlərdəndir.
Son dövrlərdə məktəblərdə kompüter və internet təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Artan internet istifadəsini qarşılamaq məqsədilə təhsil müəssisələrində yüksək ötürücülük qabiliyyətinə malik internet xətləri qurulur və bu sahədə işlər mərhələli şəkildə davam etdirilir".