Naxçıvanın muxtariyyət statusu ləğv oluna bilər? – AÇIQLAMA
Gündəm
Son günlər Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun ləğv olunması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Məlumata görə, Zəngəzur dəhlizinin açılması və regiondakı geosiyasi reallıqların dəyişməsi fonunda Naxçıvanın muxtariyyət statusuna ehtiyac qalmaya bilər. Bu mövzu cəmiyyətdə müxtəlif fikirlərin səsləndirilməsinə səbəb olmaqla yanaşı, siyasi və hüquqi müstəvidə də müzakirə predmeti kimi diqqət çəkir.
Maraqlıdır, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu ləğv oluna bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Naxçıvanın muxtar statusu onun xüsusi coğrafi mövqeyi ilə birbaşa bağlıdır:
"Naxçıvan Zəngəzur dəhlizi açılsa belə, arada başqa bir dövlətin ərazisinin yerləşdiyi bölgə olaraq qalır. Bu amil isə həmin ərazinin muxtariyyət statusunun saxlanılmasını zəruri edir. Muxtariyyət anlayışı müəyyən yerli məsələlərin mərkəzdən asılı olmadan, birbaşa yerində və operativ şəkildə həll edilməsi deməkdir. Bu status Naxçıvana digər regionlarla müqayisədə sosial, iqtisadi, inzibati və mədəni məsələlərdə daha çevik qərarvermə imkanları yaradır".
Deputat vurğulayıb ki, təqribən 100 illik muxtariyyət tarixi bu qərarın nə qədər düzgün və uzaqgörən olduğunu sübut edib:
"Məhz bu dövr ərzində Naxçıvan özünəməxsus idarəçilik modeli formalaşdıraraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Son illərdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər də bu statusun möhkəmləndirilməsinə xidmət edir. Aparılan əlavələr muxtariyyətin saxlanılması ilə yanaşı, onun müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur".
Aydın Mirzəzadə xüsusi olaraq qeyd edib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ölkənin tarixi, mədəni və strateji baxımdan son dərəcə dəyərli bölgələrindən biridir:
"Naxçıvan torpağı və burada yaşayan insanlar hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində möhkəm dayanıb, milli maraqların qorunmasında prinsipial mövqe nümayiş etdiriblər. Azərbaycanın vahidliyi bu gün ölkənin müstəqilliyinin və suverenliyinin əsas dayağıdır. Bütün bölgələrin vahid Azərbaycan ideyası ətrafında birləşməsi isə dövlətin gücünü və davamlı inkişafını təmin edən başlıca amillərdəndir".