Nazim Şükürova yüksək vəzifə verildi
Gündəm
İqtisadçı-alim, hüquqşünas, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun müşaviri vəzifəsinə təyin edilib.
News24.az xəbər verir ki, Nazim Şükürov dövlət idarəçiliyi, maliyyə, vergi siyasəti, audit, hüquq və investisiya sahələrində 40 ildən artıq peşəkar təcrübəyə malikdir.
O, müxtəlif illərdə Vergilər Nazirliyində Vergidənyayınmaya Nəzarət İdarəsinin rəisi, İqtisadi Təhlil Baş İdarəsinin rəis müavini və digər rəhbər vəzifələrdə çalışıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru, 2022–2024-cü illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edib. Hazırda "Audit Azərbaycan" hüquq və konsaltinq şirkətinin baş direktorudur.
Nazim Şükürov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, daha sonra hüquq təhsili alıb və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, investisiya və innovasiya iqtisadiyyatı mövzusunda 13 elmi əsərin müəllifidir.
Şükürov peşəkar fəaliyyəti çərçivəsində Almaniya, Türkiyə və Macarıstanda beynəlxalq ixtisasartırma proqramlarında iştirak edib. O, 2024–2025-ci illərdə Dünya Bankı Qrupunun Business Ready (B-READY 2025) proqramında ekspert kimi fəaliyyət göstərib və Azərbaycanda biznes və investisiya mühitinin qiymətləndirilməsinə verdiyi töhfəyə görə Dünya Bankı tərəfindən sertifikatla təltif olunub.
AQC bildirir ki, Nazim Şükürovun müşavir təyin edilməsi təşkilatın elmi-metodoloji potensialının gücləndirilməsi, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, eləcə də qiymətləndirmə sahəsində həyata keçirilən islahatlara ekspert dəstəyinin artırılmasına xidmət edəcək.
Qeyd olunur ki, onun dövlət idarəçiliyi, maliyyə, vergi siyasəti, hüquq, audit və investisiya sahələrində qazandığı təcrübənin cəmiyyətin strateji inkişaf hədəflərinə mühüm töhfə verəcəyi gözlənilir.