“Necə həyəcanlandımsa, yerimdən dik atıldım” - Aqil Abbas
Gündəm
Xəbər verdiyimiz kimi, ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulub. 2-ci oyun günündə də 9 matç keçirilib.
Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Almaniyanın “Ayntraxt” komandasını qəbul edib və 3:2 hesablı qələbə qazanıb. Lakin oyunda hakimin qərəzli qərarları həm azarkeşlər, həm də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı “Qarabağ”ın azarkeşi, Milli Məclisin deputatı Aqil Abbas News24.az-a açıqlamasında oyunda hakimliklə bağlı ciddi narazılıqların olduğunu bildirib:
"Qarşılaşma zamanı verilən qərarlar ədalət prinsipinə uyğun olmayıb və bu açıq şəkildə hiss olunurdu. Hakimin verdiyi bəzi qərarlar o qədər mübahisəli idi ki, məsələ ən yüksək səviyyədə də diqqət mərkəzinə düşdü. Penaltı epizodunda mən də qəzəbimi cilovlaya bilmədim. “Qarabağ”a qarşı bu cür yanaşma ilk dəfə deyil və müəyyən qərəzli münasibət hiss olundu”.
Deputat bütün çətinliklərə baxmayaraq, komandanın meydanda xarakter göstərdiyini deyib və bildirib ki, “Qarabağ”ın qələbəsi həm idman, həm də mənəvi baxımdan hakimə cavab oldu:
"Baş məşqçi Qurban Qurbanovu və komandanı təbrik edirəm, oyunu böyük həyəcanla izlədim, xüsusilə, son qol zamanı sevincimi gizlədə bilmədim. Necə həyəcanlandımsa, yerimdən dik atıldım".