Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir? Gündəm

ABŞ-nin dünya bazarlarında neft qiymətlərinin daha da ucuzlaşmasını istəməsi enerji bazarlarında yeni müzakirələrə yol açıb. Vaşinqtondan gələn açıqlamalar fonunda neftin bir barelinin qiymətinin 53 dollara qədər enə biləcəyi ehtimalı gündəmə gəlib. Hazırda qiymətlərin 58 dollar səviyyəsində olduğu bir vaxtda belə bir enişin baş verməsi qlobal iqtisadi proseslərə, xüsusilə də enerji ixracatçısı olan ölkələrə birbaşa təsir göstərə bilər. Neft gəlirləri Azərbaycan üçün həm büdcə gəlirləri, həm də iqtisadi planlaşdırma baxımından diqqətlə izlənilən məsələdir.

Bəs neftin bir barelinin qiymətinin 53 dollara enməsi Azərbaycan iqtisadiyyatı üçün hansı risklər yarada bilər?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dünya bazarlarında neftin qiymətində baş verən dəyişikliklər birbaşa Azərbaycanın ixrac etdiyi neftin dəyərinə də təsir göstərir.

"Azərbaycan nefti keyfiyyət göstəricilərinə görə bir çox digər neft markalarından üstündür və bu səbəbdən bazarda adətən brend neftdən 1, bəzən isə 2 dollar baha satılır. Qlobal bazarlarda neftin qiyməti aşağı düşərsə, bu proses qaçılmaz olaraq Azərbaycan neftinin qiymətində də öz əksini tapacaq. Dünya bazarında neft ucuzlaşarsa, bizim neft də həmin tendensiyanı izləyəcək. Çünki qiymətlər qlobal mexanizmlərlə formalaşır. Hazırda 2026-cı il üçün neftin qiymətinin 55–65 dollar diapazonunda olacağı ilə bağlı proqnozlar var. ABŞ isə qiymətlərin daha da enərək 53 dollar səviyyəsində olmasını istəyir”.

Xalid Kərimli vurğulayıb ki, ABŞ-nin neftin ucuzlaşmasında öz iqtisadi maraqları mövcuddur. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiyməti aşağı düşdükdə inflyasiya zəifləyir və bu da ABŞ iqtisadiyyatı üçün müsbət amil hesab olunur:

“Enerji qiymətlərinin aşağı düşməsi inflyasiyanın səviyyəsini azaldır. ABŞ da məhz buna nail olmağa çalışır. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə də İranda mövcud olan gərginlik, geosiyasi risklər və digər qlobal faktorlar neft bazarına təsir göstərməkdə davam edir”.

İqtisadçı bildirib ki, neftin qiymətinin 55-65 dollar səviyyəsində qalması Azərbaycan hökuməti üçün riskli ssenari hesab edilmir:

“Azərbaycan hökuməti bu qiymət aralığına hazırdır. Düzdür, dövlət büdcəsində neftin baza qiyməti 65 dollar olaraq nəzərdə tutulub. Qiymətlərin ciddi şəkildə bundan aşağı düşməsi büdcə gəlirlərinə müəyyən təsir göstərə bilər, lakin bu, kritik və ya idarəolunmaz risk deyil. Neft qiymətlərində mümkün eniş manatın məzənnəsi üçün də təhlükə yaratmır. Hazırkı şəraitdə manatın məzənnəsi ilə bağlı hər hansı problem gözlənilmir. Valyuta ehtiyatları və fiskal mexanizmlər bu cür dalğalanmaları kompensasiya etməyə imkan verir”.