“Ölkəyə qəzet lazımdır, amma lazımsız qəzet yox”

“Ölkəyə qəzet lazımdır, amma lazımsız qəzet yox” Gündəm

“Bizimyol” qəzetinin təsisçisi, əməkdar jurnalist Bahəddin Həzi Azərbaycanda mətbuatın hazırkı durumu və qəzetlərin bağlanması məsələsinə münasibət bildirib.

News24.az xəbər verir ki, jurnalist bu barədə özünün sosial media hesabından paylaşım edərək qəzetlərin cəmiyyətdəki əvəzsiz roluna diqqət çəkib:

"Bir yandan ana dilimizi - milli kimliyimizi qorumaq istəyirik, bir yandan da qəzetləri bağlamaq istəyirik. Hər şey bir yana, təkcə elə ədəbi dilin cilalanmasında qəzetin rolu danılmaz və əvəzsizdir. Qəzet düşüncə gündəminin ədəbiyyatıdır".

Bahəddin Həzi məşhur psixoloq Karl Yunqun fikrinə də istinad edib:

"Yunq isə deyirdi: "Düşünmək zəhmətdir, ona görə çox adam sürüyə qoşulmağa meyllənir".

Tanınmış jurnalist bəzi qəzetlərin bağlanmasının zəruri olduğunu qəbul etsə də, qəzetçiliyin tamamilə ləğvinə qarşı çıxıb:

"Əlbəttə, elə qəzetlər var, bəli, hətta çoxdan bağlanmalı idi; xeyir verməyi bir yana, zərər verir. Ancaq qəzetçiliyi ləğv etmək doğru deyil. Bu, sadəcə, ənənə deyil, sadəcə, tarix salnaməçiliyi-filan da deyil, bu, sorğulama, araşdırma vərdişləridir, ictimai miqyasın özünəxas düşüncə laboratoriyasıdır".

O, qəzetlərin yaşaması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb:

"Yaşama haqqı olmayan qəzetlərin bağlanmasına qarşı deyiləm, ancaq haqqı olanın yaşamasına da əngəl olmamalıyıq. Ümumiyyətlə, qəzet istəmiriksə, o başqa. Amma qəzet istəyiriksə, onu da əsl qəzet kimi yaşatmaq lazımdır".

Bahəddin Həzi qeyd edib ki, maddi çətinliklər səbəbindən “Bizimyol” qəzetini bağlamağa məcbur qalıb:

"Qapatmağa nə var ki! Mən qapatmışam, məsələn. Təbii ki, yaşatmağa resursum çatmadığı üçün qapatmağa məcbur qaldım. Ancaq qəzetdən ötrü hər an darıxıram. İmkanım olsa, günü sabah peşəkarları bir araya toplayıb, qəzeti yaşadaram. Həm də bizim nəsil qəzeti bilir, əsl qəzet nədir, onu da bilir".

Sonda o, qəzet oxuma vərdişinin itmədiyini, sadəcə, oxumaq istəyənlərin keyfiyyətli qəzet tapmadığını bildirib:

"Deyirlər, qəzet oxuyan yoxdur. Xeyr, yəqin ki, oxumaq istəyənin qəzeti yoxdur. Bir sözlə, ölkəyə, millətə qəzet lazımdır. Amma lazımsız qəzet yox..."

Nilufər