“Onu burada görmürəm, ümid edirəm həbs edilməyib” – Prezident kimi nəzərdə tuturdu?

“Onu burada görmürəm, ümid edirəm həbs edilməyib” – Prezident kimi nəzərdə tuturdu? Gündəm

“Keçən il məhz bu forumda mənə verdiyi bir suala görə, bildiyim qədəri ilə elə həmin yerdə, otururdu, onu onilliklər ərzində xidmət etdiyi, inkişafı üçün böyük əmək sərf etdiyi təşkilatda tutduğu vəzifədən uzaqlaşdırdılar. Ötən il Rusiyada başqa zərər çəkənlər də oldu. Bu gün onlardan birini burada görmürəm. Ümid edirəm ki, həbs edilməyib. Allah ona can sağlığı versin. Bir nəfəri Azərbaycan Prezidenti ilə bağlı müsbət sual verdiyinə görə işdən çıxardılar. Digərini isə Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi üçün “xarici agent” elan etdilər”.

News24.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

O, əvvəlcə Mixail Qusmandan söz açıb və onu “Azərbaycan xalqının layiqli oğlu” adlandırıb:

“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada “ezamiyyətdə” olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib.

İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”.

Bəs, Prezident İlham Əliyevin adını çəkmədiyi ikinci şəxs kimdir?

Şuşa Forumunda verdiyi suala görə işdən çıxarılan TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmandır. Lakin o, Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edilməyib.

M.Qusman 2025-ci ilin iyul ayında Rusiya Baş naziri Mixail Mişustinin əmri ilə TASS-dakı vəzifəsindən azad edilib. Bu qərar Qusmanın Şuşada keçirilən media forumundan sonra qəbul edilib.

Forumda Qusmanın Prezident İlham Əliyev haqqında xoş sözlər deməsi bəzi rusiyalı müharibə tərəfdarı bloqçuların kəskin tənqidinə səbəb olub. Bundan sonra qocaan jurnalistə qarşı qaralama kampaniyası başlayıb.

Azərbaycan əsilli şəxslər və təşkilatlar, eləcə də Azərbaycanla əlaqəli strukturlar arasında Rusiyada “xarici agent” kimi təyin olunmuş şəxslər mövcuddur. Rusiya Ədliyyə Nazirliyinin reyestrində adı olan azərbaycanlılardan biri jurnalist, şərqşünas və İnkişaf və Diplomatiya İnstitutunun (Azərbaycan) tədqiqatçısı Ruslan Süleymanovdur. O, Ukraynada hərbi əməliyyatların başlanmasına etiraz olaraq Rusiyanın TASS Xəbər Agentliyindəki işidən ayrılıb.

MISRA TV (Rusiya Azərbaycanlılarının Beynəlxalq İnformasiya Xidməti) təsisçi, jurnalist Fuad Abbasov da Rusiyadan deportasiya olunmuş şəxsdir.

“Azərbaycan” Samara Regional İctimai Təşkilatı da 2015-ci ildə xarici agentlər reyestrinə daxil edilib.

Lakin söhbət onların heç birindən getmir. Şuşa Forumunda M.Qusmanla yanaşı iştirak etmiş şəxs politoloq Sergey Markovdur. O, 2025-ci ilin avqust ayında reyestrə əlavə edilib.