Onun adı Nur: 540 qram çəki ilə başlayan həyat hekayəsi…
Gündəm
Hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyaya gələn körpənin həyatı xilas edilib.
Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ildə oktyabrın 18-də özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub:
"Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.
Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.
Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb".
"Hazırda ambulator müşahidəyə götürülən Nurun yaşamaq hekayəsi bir daha sübut edir ki, müasir tibb, vaxtında göstərilən ixtisaslaşmış tibbi yardım və peşəkar həkim heyətinin fədakarlığı ən çətin kliniki hallarda belə həyatın xilas edilməsinə imkan yaradır. Onun hekayəsi vaxtından əvvəl doğulan körpələr üçün ümid və gələcəyə inam nümunəsidir. Bu, 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır", - deyə məlumatda qeyd edilib.