"Övladım belə bir addım atmaz" yanaşması doğru deyil - Video
Gündəm
"Biz bu gün təkcə insan və vətəndaş kimi deyil, eyni zamanda valideyn kimi də üzərimizə düşən məsuliyyətin fərqində olmalı, övladlarımızın təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmalıyıq”.
News24.az xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Qanun keşiyində” verilişində səsləndirib. Onun sözlərinə görə, hazırda sosial mediada ciddi hibrid təhlükələr mövcuddur:
“Oxumayan, təhsil almayan və yetkinlik yaşına çatmayan şəxslər sosial mediada qarşılaşdıqları dırnaqarası "qəhrəmanlıq" obrazlarını öz həyat kredosuna çevirə bilərlər. Bu isə genişmiqyaslı təbliğatın və hibrid təhlükələrin nəticəsidir. Digər ölkələrdə baş verən silahlı insidentlərin nə qədər ağır fəsadlara səbəb olduğunu görürük. Hər bir valideyn düşünməlidir ki, "mənim övladım belə bir addım atmaz" yanaşması doğru deyil".
Elşad Hacıyev qeyd edib ki, cəmiyyətdə cinayətkarlıqla mübarizənin ümumi təhlilinə nəzər salsaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi xüsusi çəkiyə malikdir:
"Bunun daha çox diqqət çəkməsinin səbəbi isə antinarkotik təbliğatın geniş aparılması və bu sahədə törədilən cinayətlərin ifşası ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasıdır. Bu cür cinayətlər yalnız bu günün deyil, həm də gələcəyin problemidir".