Partiya sədrləri narazıdır: "Yerlər ədalətsiz bölüşdürlüb"

Partiya sədrləri narazıdır: "Yerlər ədalətsiz bölüşdürlüb" Gündəm

Xəbər verdiyimiz kimi, bu günlərdə respublika üzrə dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb. Hər beş ildən bir həyata keçirilən bu proses parlamentdə azlıqda qalan siyasi partiyaların narazılığına səbəb olub. Partiyalar yerlərin ədalətli bölünmədiyini və proses zamanı müəyyən qanun pozuntularına yol verildiyini iddia edirlər.

Məsələyə münasibət bildirən AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov da bildirib ki, səsləndirilən iradlar tamamilə haqlıdır. Onun sözlərinə görə, seçki komissiyalarının formalaşdırılması ilə bağlı qanun mövcuddur və bu qaydalar Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyalarına və məntəqə seçki komissiyalarına şamil edilir.

Siyasətçi diqqətə çatdırıb ki, 125 dairənin hər birində 10 nəfər üzv olduğu nəzərə alınarsa, onların üçdə biri, yəni hər dairədə 3 nəfəri siyasi partiyaların nümayəndələri olmalıdır. Onun sözlərinə görə, bu halda hər partiyaya təxminən 37-38 yer ayrılmalıdır.

Məsələ ilə bağlı News24.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı dairə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılması zamanı partiyalar arasında yerlərin bölüşdürülməsi məsələsində müəyyən ədalətsizlik olduğunu bildirib.

Onun sözlərinə görə, partiyalara ayrılan yerlərin sayının onların sayına və parlamentdəki təmsilçiliyinə uyğun müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.

“Digər partiyalara nə qədər yer verildiyini dəqiq bilmirəm. Hesab edirəm ki, yerlərin partiyaların sayına və mövcud təmsilçiliyinə uyğun bölüşdürülməsi daha yaxşı olardı. Bizim partiya Yeni Azərbaycan Partiyasından sonra ən böyük partiyadır. Buna baxmayaraq, Vətəndaş Həmrəyliyi Partiyasına istədiyimiz qədər yer ayrılmayıb.

Təbii ki, bununla bağlı müəyyən narazılığımız var. Lakin məsələni böyütmək və böyük problemə çevirmək istəmirəm. Sadəcə, hesab edirəm ki, partiyaların təmsilçiliyi və imkanları nəzərə alınmaqla daha balanslı bölgü aparıla bilərdi”, - deyə deputat bildirib.

Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev dairə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılması zamanı partiyalar arasında yerlərin ədalətli bölüşdürülmədiyini bildirib. Onun sözlərinə görə, bəzi siyasi partiyaların üzvlərinin və katibliklərinin sayı daha çox olsa da, təmsilçilik məsələsində bu amil kifayət qədər nəzərə alınmayıb.

“Bəzi partiyalar var ki, onların həm üzvlərinin, həm də katiblərinin sayı çoxdur. Bizim partiyaya isə cəmi bir katib yeri ayrılıb. Dairə seçki komissiyalarında ümumilikdə cəmi 9 üzvlə təmsil olunuruq. Bu, kifayət qədər azdır. Müəyyən mənada nəzərə almaq olar ki, bizim partiya yenidir və əvvəlki illərdə fəaliyyət göstərən partiyalara daha çox yer ayrılıb. Amma istənilən halda hesab edirik ki, bölgü ədalətli olmayıb. Partiyaların fəaliyyətinin və təmsilçilik imkanlarının daha geniş nəzərə alınması məqsədəuyğun olardı”.

Məsələ ilə bağlı News24.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) ilə bu məsələ ətrafında uzun müddətdir işçi qaydada konstruktiv müzakirələr aparılır.

Onun sözlərinə görə, MSK tərəfindən görüşlərə hər zaman açıq yanaşma nümayiş etdirilib və partiyanın təqdim etdiyi namizədlər siyahısının böyük əksəriyyəti ilə bağlı müsbət qərar qəbul olunub.

“MSK ilə görüşlər keçirdik, onlar hər zaman görüşlərə açıq oldular. Nəticə etibarilə təqdim etdiyimiz siyahıların böyük əksəriyyəti, yəni qanunvericiliyə uyğun şəkildə təqdim etdiyimiz namizədlərlə bağlı müsbət qərarlar verilib. Amma bəzi namizədlərlə bağlı proses hələ də davam edir.

Çox güman ki, bu həftənin sonu və ya gələn həftənin əvvəlində proses tam yekunlaşacaq. Biz qanunvericilikdə nəzərdə tutulan sayda, yəni bizə ayrılan yerlərin hamısı üzrə müraciət etmişik. Hazırda işçi qaydada müzakirələr davam edir. Hələ tam siyahımız təsdiqlənməyib, amma böyük əksəriyyəti artıq təsdiqlənib”, – deyə Natiq Cəfərli bildirib.