Paytaxtın simasını qorumaq hər kəsin borcudur: Vandalizmə ictimai qınaq və cəza
Gündəm
Bakının simvollarından biri olan Nizami Kino Mərkəzinin divarlarının bir qrup gənc tərəfindən rənglənməsi və üzərinə yazılar yazılması cəmiyyətdə ciddi narazılıq doğurub. Tarixi və mədəni abidələrə qarşı bu cür münasibət açıq şəkildə vandalizm aktı və şəhərin estetik görünüşünə qarşı təcavüz kimi qiymətləndirilir.
Paytaxtın simasının qorunması təkcə memarların və aidiyyəti qurumların deyil, həm də hər bir şəhər sakininin mənəvi borcudur. Təəssüf ki, bəzən ictimai laqeydlik bu növ xoşagəlməz hadisələrin təkrarlanmasına zəmin yaradır. Bəs tarixi abidəyə zərər vuran həmin gəncləri hüquqi müstəvidə hansı məsuliyyət gözləyir?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilik bu cür əməllərə görə həm maddi, həm də cinayət məsuliyyəti nəzərdə tutur:
"Mülki Məcəllənin 30-cu maddəsinə əsasən, 14-18 yaş arası şəxslər vurduqları zərərə görə birbaşa məsuliyyət daşıyırlar. Əgər onların şəxsi vəsaiti yoxdursa, Ailə Məcəlləsinə uyğun olaraq, dəymiş zərər valideynlərin əmlakı hesabına ödənilə bilər. Söhbət tarixi binadan və dövlət əmlakından getdiyi üçün xüsusi komissiya tərəfindən zərərin məbləği müəyyən ediləcək və həmin məbləğin təqsirkar şəxslərdən tutulması tələb olunacaq. Əgər törədilən əməldə cinayət tərkibi (məsələn, əmlakı qəsdən məhv etmə və ya zədələmə) aşkar olunarsa və şəxsin yaşı buna imkan verirsə, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilə bilər".
Hüquqşünas qeyd edib ki, abidələrin qorunması məsələsi artıq fərdi deyil, ümumi ictimai məsuliyyət məsələsidir və qanunun sərt üzü bu cür halların qarşısının alınmasında əsas mexanizmdir.
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.