Sosial şəbəkə oyunlarının təhlükəsi: uşaqlarda əsəbilik niyə artır?

Sosial şəbəkə oyunlarının təhlükəsi: uşaqlarda əsəbilik niyə artır? Gündəm

Pediatr Vaqif Qarayev uşaqlara sosial şəbəkə platformalarının təsiri ilə bağlı paylaşım edərək valideynlərə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, pediatr bir sıra ölkələrdə uşaqlar üçün sosial şəbəkə platformalarına girişin qadağan edildiyini diqqətə çatdırıb:

“Son vaxtlar demək olar ki, hər valideyn uşağının əsəbi olmasından, aqressiv davranışlar göstərməsindən şikayətlənir. Əlbəttə, hər uşağın özünəməxsus səbəbi ola bilər, amma ümumi bir amil var – sosial şəbəkədəki oyunlar”.

Vaqif Qarayev vurğulayıb ki, uşaqlar ekranda gördüklərini birbaşa təqlid edirlər:

“Valideynlər diqqət yetirsinlər, uşaq oyun izləyərkən ekranda nə görürsə, onu da təkrar edir – jestləri, mimikaları, hərəkətləri, qışqırıqları. Bunların hamısı aqressiv davranışlardır”.

Onun sözlərinə görə, bəzən valideynlər uşağa müraciət etsə də, heç bir reaksiya ala bilmirlər: “Elə olur ki, uşaq oyuna baxarkən sizi eşitmir, nə etsəniz də reaksiya vermir. Çünki bütün diqqəti ekrandadır”.

Pediatr əlavə edib ki, bu cür hallar bəzən yanlış diaqnozlarla da nəticələnir:

“Tam sağlam uşağa autizm spektri diaqnozu qoyulub valideynlərin həkim-həkim gəzdirildiyinin şahidi oluruq. Amma bu çıxılmaz vəziyyət deyil. Uşağın əylənməsi üçün kifayət qədər sağlam alternativlər var. Valideyndə istək olsa, mütləq yol tapılar”.