Pedoqoji Universitetdə mühazirələr onlayn olacaq?
Gündəm
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) növbəti illərdə qarışıq tədris modellərinin tətbiqi müzakirə olunur.
Ötən günlərdə ADPU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib ki, ixtisas fənlərinin spesifikliyi nəzərə alınmaqla əyani və məsafədən olmaqla qarışıq tədris modelinin tətbiqi nəzərdən keçirilir:
“Tələbələrin hər gün dərsə gəlməsi, bütün dərslərin və ya mövzuların əyani keçilməsi indiki şəraitdə artıq şərt olmamalıdır. Elə fənlər var ki, ixtisasın xüsusiyyətinə görə mühazirə dərsi məsafədən həyata keçirilə bilər”.
Maraqlıdır ki, bəs ADPU bu yeniliyi nə zaman tətbiq edəcək?
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun açıqlaması sadəcə, təklifdir: "Bu təşəbbüsün tətbiqinə başlanılmayıb. Sadəcə, biz universitet olaraq bu məsələni təklif, niyyət olaraq səsləndirmişik".
Bəs bu təşəbbüs həyata keçirilərsə, tələbələrin təhsil həyatına necə təsir edə bilər?
Təhsil üzrə ekspert Elmin Nurinin fikrincə, bu, çox faydalı təklifdir: "Ümumiyyətlə bir məsələni xüsusi qabartmaq lazımdır: təhsilin hər hansı sahəsi, pillə və səviyyələri ilə bağlı edilən təkliflərin və hətta verilən qərarların bir çoxu dünya təcrübəsindən qaynaqlanır. Yəni beynəxalq təcrübədə uğurla sınaqdan keçmiş prinsiplərdir. O cümlədən, ADPU-da mühazirə saatlarının onlayn keçirilməsi ilə bağlı olan təklif də dünya ali təhsilinin müasir trendlərindən biridir. Bu trendlərə nə dərəcədə hazırıq, ya deyilik, bu, başqa söhbətin mövzusudur, amma ən önəmlisi onlardan hansındansa və haradansa başlamaqdır”.
Ekspert qeyd edib ki, verilən təklifi tam mənada dəstəkləyir: “Dünyanın təhsil texnoloqlarının bir çoxu gələcəyin əsas və bəlkə də yeganə təhsil formasının məhz hibrid forma olduğunu qeyd edirlər. Hibrid forma nəzəriyyə ilə praktikanı, ənənəvi sinif otağı, yaxud auditoriya ilə rəqəmsal dünyanı birləşdirir. O səbəbdən yerli ali təhsil mühitində hibrid forma ilə bağlı təklifləri gələcək adına ilk qaranquş adlandırmaq olar".