Prezident yeni dəyişikliyin anonsunu verdi: Bütün ölkəyə şamil olunacaq

Prezident yeni dəyişikliyin anonsunu verdi: Bütün ölkəyə şamil olunacaq Gündəm

Prezidentin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər ölkədə idarəetmə sisteminin gələcək inkişaf istiqamətləri ilə bağlı diqqətçəkən məqamlara yol açıb. Prezient bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan daha operativ, çevik və az məmur resursu tələb edən idarəetmə modelinin perspektivdə digər regionlara, hətta bütövlükdə ölkə üzrə tətbiqi mümkündür.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Prezidentin müsahibəsində vurğuladığı yanaşma Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəlikləri idarəetmə modelinə aiddir və bu model artıq praktikada özünü doğruldub:

"Bu idarəetmə mexanizmi ilkin mərhələdə azad edilmiş ərazilər üçün nəzərdə tutulsa da, proses göstərdi ki, söhbət sadəcə keçid dövrü modelindən deyil, daha müasir və effektiv idarəçilik üsulundan gedir. Hazırda ölkənin digər bölgələrində tətbiq olunan yerli icra hakimiyyəti sistemi zaman baxımından köhnəlmiş model sayılır və bu sistem həm daha çox məmur resursu tələb edir, həm də operativ qərarların qəbulunu çətinləşdirir".

politoloq Asif Nərimanlı

Politoloq bildirib ki, Prezidentin xüsusi nümayəndəlikləri modelində idarəetmə fərqli prinsiplər üzərində qurulub:

"Burada bir rayon üzrə ayrıca icra strukturu deyil, bir neçə rayon vahid inzibati-iqtisadi zona kimi idarə olunur. Bu da planlaşdırma, investisiya cəlbi, infrastruktur layihələrinin icrası və sosial proqramların həyata keçirilməsində daha koordinasiyalı və çevik idarəetmə imkanı yaradır. Son beş ilin təcrübəsi sübut edib ki, bu model həm məmur sayının azaldılması, həm də dövlət resurslarından daha səmərəli istifadə baxımından üstünlüklərə malikdir. Eyni zamanda, məsuliyyətin mərkəzləşdirilməsi qərarların icrasına nəzarəti gücləndirir və bürokratik maneələri minimuma endirir".

Politoloq hesab edir ki, mövcud şəraitdə bir neçə rayonun iqtisadi zonalar prinsipi ilə idarə olunması Azərbaycanın regional idarəetmə sisteminin modernləşdirilməsi üçün ən uyğun variantlardan biridir:

"Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda sınaqdan keçirilən modelin gələcəkdə ölkənin digər bölgələrində də tətbiqi tamamilə real və məqsədəuyğun görünür".