Qaradağın deputatından icra hakimiyyətindəki yoxlamalara REAKSİYA

Qaradağın deputatından icra hakimiyyətindəki yoxlamalara REAKSİYA Gündəm

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Mələsə ilə bağlı Qaradağın deputatı Aydın Hüseynov News24.az-a açıqlamasında hadisəni dərin təəssüf hissi ilə qarşıladığını vurğulayıb:

"Uzun illərdir, Qaradağ rayonunun deputatı kimi fəaliyyət göstərirəm və Qaradağda baş verən bütün prosesləri yaxından izləyirəm. Son illər Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir, infrastruktur yenilənir, sosial layihələr icra olunur. Rayonun inkişafı istiqamətində çox ciddi addımlar atılır. Lakin bu müsbət proseslərin fonunda bəzi mənfi halların da üzə çıxması təəssüf doğurur. Görünür ki, bəzi məmurlar verilən etimadı doğrultmayıblar və qanun pozuntularına yol veriblər".

Deputat qeyd edib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradovun saxlanılması, həmçinin bəzi digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə məlumatlar var:

"Bu, çox ciddi məsələdir və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əminəm ki, istintaq nəticəsində hər şey tam şəkildə aydınlaşdırılacaq və kim günahkardırsa, qanun qarşısında cavab verəcək. Vacib olan odur ki, bu cür halların qarşısı vaxtında alınsın, dövlət başçısının regionların inkişafına yönəlmiş siyasətinə xələl gətirilməsin. Bizim əsas məqsədimiz Qaradağ rayonunun daha da inkişaf etməsi, orada yaşayan insanların rifahının yüksəldilməsidir".