"Bütün inanclar məktəbin kənarında qalmalıdır"
Gündəm
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva vahid məktəbli forması ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, iş xanımı sosial media hesablarında bu fikirləri bildirib:
“Məni hər şeydən çox azyaşlı qızlarımızın taleyi düşündürür. Dini inanclı insanlara hörmətim var və özüm də Allaha inanıram. Amma dövlətin qoyduğu qayda-qanuna hamı riayət etməlidir. Məktəbli forması vahiddir, özü də çox gözəl və səliqəlidir. Uşaqlarımız bu formada daha saf, gözəl və daha çalışqan görünür. Məktəb dünyəvidir. Qızlarımız dövlətə, Azərbaycanın gələcəyinə qarşı kimlərinsə əlində vasitə olmalı deyil. Onların beyinləri kənar müdaxiləyə məruz qalmamalıdır. Bəzən hicablı qızlarımızın ağlamağına baxıb mən də çox pis oluram. Amma əminəm ki, dövlət onların gələcəyini düşünür və bəzi valideynlərin tutduğu yolun zərərli nəticələrini əvvəldən görür və müəyyən tədbirlərlə onun qarşısını alır. Bu uşaqlar hələ çox şeyi dərk etmirlər, onların beyninə radikallıq, dövlətə itaətsizlik, habelə ona dərs deyən müəllimə hörmətsizlik yeridilməməlidir. Məktəb bir elm ocağıdır. Bütün inanclar o məktəbin kənarında qalmalıdır. Vahid geyim forması bu qızların uşaqlığını yaşamağa imkan verir. Bundan başqa, hamı bilməlidir ki, məktəblərdə qadağan olunan tək hicab deyil, həmçinin qısa və sinəsi açıq geyimlər, bəzək aksesuarları, bahalı zinət əşyaları və s. Millətimizin gələcəyi bu uşaqlardan çox asılıdır. Uşaqları qoruyaq ki, gələcəkdə dövlətimiz və millətimiz firavan olsun”.