Restoran, dekorasiya, çal-çağır...... - Tələbə adı qazananların dəbdəbəli məclisləri...
Gündəm
Son zamanlar “uşağın 40 günlüyü”, hərbi xidmətə yola salma və s. hadisələr kimi ali məktəbə qəbul olunmaq da artıq restoranda, dəbdəbəli şəkildə qeyd olunur. Vaxtilə sadəcə, ailə arasında keçirilən bu yığıncaqlar indi dekorasiya, çal-çağır, təmtəraq, böyük məsrəfli məclislərlə əvəzlənib.
Toy qədər çal-çağırlı edilən bu məclislərdə gəncin uğurundan, nailiyyətindən çox diqqət dəbdəbəyə yönəlir. Ən çox qınanılan isə odur ki, bu təmtəraq artıq rəqabətə çevrilib.
Mövzu ilə bağlı News24.az-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, 20-30 il əvvəl tələbə adı qazanmaq vacib bir məqsəd kimi qiymətləndirilirdi və bunun üçün heç bir təmtərağa, dəbdəbəyə ehtiyac duyulmurdu:
“Amma indi yanaşmalar dəyişib. Bu cür özünü göstərmək, göstərişli məclislər yeni nəsillərə “ali məktəbə bu dəbdəbəni, şöhrəti yaşamaq üçün daxil olmalıyıq” təsəvvürünü formalaşdırır. Bəs bunu kim yaradır, təbii ki, biz böyüklər, valideynlər!”
Sosioloqun sözlərinə görə, toy və yas mərasimlərində müşahidə olunan israfçılıq artıq tələbə adı qazanmaq qeyd ediləndə də özünü göstərir:
"Biz cəmiyyət olaraq bunun qarşısını almaq barədə düşünməliyik. İbtidai təhsili bitirən şagirdlər üçün də belə tədbirlər keçirilir. “Son zəng” mərasimləri də həmçinin. Həddindən artıq təmtəraq, xərclər…”
Sosioloq bildirib ki, belə tədbir keçirənlərə qarşı ictimai qınaq olmalıdır:
“Tələbə adı qazanandığı üçün dəbdəbəli restoranlarda məclislər təşkil edənlər, əslində, cəmiyyətin müəyyən bir təbəqəsidir. İnanın ki, insanların böyük əksəriyyəti -yüksək bal toplayan, 500-600-dən yuxarı nəticə göstərən abituriyentlərin valideynləri belə tədbirlər keçirmirlər. Bunu edənlər daha çox 200-300-400 bal aralığında nəticə göstərən abituriyentlərin valideynlərdir. Onlar sanki bununla hamıya göstəriş eləyirlər ki, “bizim övladımız da universitetə qəbul olunub. Bu məsələnin ictimai qınağa ehtiyac var. Bu, xalqın ənənələrinə də ziddir. Biz indi xarici ölkələrdə sadə şəkildə qeyd olunan tədbirlərlə öz dəbdəbəli tədbirlərimizi müqayisə edirik. Halbuki vaxtilə bizdə də elə olub. Heç bir valideyn övladının tələbə adı qazanmasına görə bu cür qonaqlıqlar, dəbdəbəli tədbirlər eləməyib. Mən bunu çox qınayıram və istəmərəm ki, bizim cəmiyyətimizin nümayəndələri belə cılızlıqlara getsinlər”.