Səməd Seyidovun adından saxta açıqlama yayıldı - MEDİA
Gündəm
Medianın İnkişafı Agentliyi sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından yayılan saxta videogörüntü ilə bağlı açıqlama yayıb.
News24.az xəbər verir ki, Agentliyin məlumatına görə, “deep fake” texnologiyası ilə hazırlanan və reallığı əks etdirməyən bu videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.
Açıqlamada bildirilib ki, süni intellektin köməyi ilə hazırlanan bu saxta materialın rəsmi mövqelərlə heç bir əlaqəsi yoxdur.
Medianın İnkişafı Agentliyi cəmiyyəti yalnız rəsmi mənbələrin yaydığı informasiyalara inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırıb.
Eyni zamanda Azərbaycan vətəndaşları, jurnalistlər və ictimai fəallar “deep fake” texnologiyaları ilə saxta məzmunun yayılmasının artdığı bir şəraitdə daha diqqətli və prinsipial olmağa səslənib.